Könüllülərə təhsil və sağlam həyat tərzi təşviq edilib
Bakı, 30 avqust, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin və Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə Şəki şəhərində keçirilən “Könüllü Gənclər” düşərgəsi yekunlaşıb.
Bu barədə AZƏRTAC-a AKTİ-nin mətbuat xidmətindən məlumat verilib.
“Heydər Əliyev İli” çərçivəsində həyata keçirilən düşərgədə, müxtəlif könüllü təşkilatları əhatə edən ümumilikdə 100-ə yaxın gənc iştirak edib.
Avqustun 25-dən 30-dək keçirilən düşərgənin məqsədi könüllülərin asudə vaxtlarının səmərəli təşkili ilə yanaşı, onlara mədəni irsimizin və zəngin tariximizin aşılanması, eyni zamanda, təhsilin və sağlam həyat tərzinin təşviqindən ibarət idi.
Düşərgədən əvvəl Şəki şəhərinə çatan könüllülərimiz Ulu Öndərin abidəsini ziyarət ediblər.
Sonra Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov, Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Qəhrəmanov və AKTİ-nin sədri Yusif Vəliyev könüllülərimizin suallarını cavablandıraraq müzakirələr aparıblar.
Düşərgədə könüllülərimizin asudə vaxtlarının səmərəli dəyərləndirmələri üçün xüsusi peşəkarlığı və təcrübəsi ilə seçilən təlimçilərin həyata keçirdiyi təlimlər, dövlət qurumları və özəl şirkətlərin nümayəndələrinin iştirakı ilə panel görüşlər, komanda oyunları, intellektual oyunlar və vörkşoplar olub.
Düşərgə ilə bağlı təəssüratlarının paylaşılması və dəyərləndirilməsi üçün könüllülərimiz “Mənim könüllü gündəliyim”, “Könüllünün bir günü” adlı videokontentlər hazırlayıb. Eyni zamanda, gənclərimizin öz istedadlarını nümayiş etdirməsi üçün “İstedadSƏN!” yarışması keçirib.
Unudulmaz anlarla yadda qalan düşərgə “White party” və əyləncə ilə yekunlaşıb.