Könüllülərlə İş üzrə İdarəçilərin İnkişaf Proqramına start verilib
Bakı, 30 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Gənclər Fondunun və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) birgə təşkilatçılığı ilə könüllülərlə iş üzrə idarəçilərin inkişaf proqramına start verilib.
AKTİ-dən AZƏRTAC-a bildiriblər ki, proqramın əsas məqsədi dövlət orqanlarında könüllü fəaliyyətinin tənzimlənməsi sahəsində peşəkarlığın artırılması, qabaqcıl təcrübələrin bu sahədə fəaliyyət göstərən təşkilatlarda tətbiqi, müxtəlif qurumlarda müvafiq sahədə çalışan şəxslər arasında fikir mübadiləsinin aparılmasıdır.
İyulun 30-dan avqustun 1-dək davam edəcək proqrama AKTİ-yə üzv olan könüllü təşkilatlarının, Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin könüllülər üzrə məsul şəxsləri cəlb olunacaqlar.
Proqram çərçivəsində iştirakçılara “Könüllülüyün qanunvericilik üzrə əsasları”, “Könüllülərin cəlb olunması və saxlanması”, “Könüllülər proqramının qurulması”, “Könüllülərin seçim prosesinin aparılması”, “Könüllülərin komanda işinin qurulması” “Azərbaycanın gənclər siyasəti” mövzularında təlimlər keçiriləcək.
Proqramı uğurla başa vuran iştirakçılar imtahan nəticələrinə uyğun olaraq könüllülərlə iş sahəsində nəzəri və praktiki biliklərini təsdiqləyən xüsusi sertifikatlarla təltif ediləcəklər.
Bu proqramın əsas tərəfdaşı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyidir.