Köpgərlərin Murovdağ silsiləsinə qaytarılması planlaşdırılır
Bakı, 3 mart, AZƏRTAC
Ötən ildən ceyranların işğaldan azad edilmiş ərazilərə buraxılmasına başlanılıb. Proses davam edəcək. Ceyranların əvvəllər yaşadığı Arazboyu düzənlik ərazilərdə - Zəngilan, Füzuli, Cəbrayıl, Ağdamda bərpası nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bunu Ümumdünya Vəhşi Təbiəti Müdafiə Fondunun (WWF)Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi feysbuk səhifəsində Ümumdünya Vəhşi Təbiət Günü ilə bağlı yayımlanan “Ekspert saatı”nda deyib.
E.Əsgərovun sözlərinə görə, reintroduksiyası nəzərdə tutulan heyvanlardan biri də köpgərlərdir. Vaxtilə Murovdağ silsiləsində olan həmin iri heyvanların Kiçik Qafqazda nəsli kəsilib. Hazırda köpgərlər Böyük Qafqazda, Zaqatala və İlisu Dövlət Təbiət qoruqlarında, Şahdağ Milli Parkında yaşayır. Köpgərlərin Murovdağ silsiləsinə qaytarılması nəzərdə tutulur: “Qafqaz nəcib maralının nəsli Kiçik Qafqazda hələ 19-cu əsrin sonunda kəsilib. Sonradan həmin heyvanlar Göygöl Milli Parkına gətirilsə və sayı artsa da Birinci Qarabağ müharibəsindən sonra onların sayı kəskin azalıb. Maralın Kiçik Qafqazda populyasiyanın bərpası planlaşdırılır. Bundan başqa, onların Talış dağlarında nəsli tamamilə kəsilib. Növbəti addımlardan biri də maralların Talış dağlarında, Quba-Qusar meşələrində bərpasıdır. Bunun üçün ilkin addımlar atılıb. Ötən il IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən reintroduksiya layihəsi çərçivəsində Bakı Zooloji Parkından dörd baş maral Şahdağ Milli Parkının İsmayıllı bölməsinə gətirilib. Bu, həmin heyvanların nəsli kəsildiyi ərazilərdə bərpası layihəsinin başlanğıcıdır”.