SİYASƏT
Korsikalı siyasətçi: Korsika dilindən rəsmi istifadə uğrunda mübarizəmizi davam etdirəcəyik VİDEO
![Korsikalı siyasətçi: Korsika dilindən rəsmi istifadə uğrunda mübarizəmizi davam etdirəcəyik VİDEO](/files/2023/3/1200x630/17026283545794163714_1200x630.jpg)
Cenevrə, 15 dekabr, AZƏRTAC,
Korsika dili Fransa tərəfindən tanınmır. Korsikada dilimizin rəsmi və ya fransız dili ilə birgə rəsmi istifadəsinə icazə verilmir. Dilimizdən istifadə edə bilmirik. Dilimizin məktəblərdə tədris olunması uğrunda uzun onilliklər mübarizə aparmışıq. Ancaq mübarizəmizə baxmayaraq, hələ də Korsikada Korsika dilindən qənaətbəxş şəkildə istifadə olunmasına icazə verilməyib. İnzibati, siyasi sahələrdə - Korsika Administrasiyasında, Korsika Assambleyasında və ya bələdiyyə Assambleyasında dilimizdən istifadə etməyə icazə yoxdur. Bununla bağlı məhkəməyə müraciət edilsə də dəyişiklik olmayıb.
Bu fikirləri Korsika Milli Assambleyasının sabiq prezidenti, Korsika müstəqilliyi uğrunda mübarizə aparan siyasətçi Jan Gi Talamoni Cenevrədə keçirilən “Neokolonializm: İnsan hüquqları, sülh və təhlükəsizlik” adlı beynəlxalq konfrans çərçivəsində AZƏRTAC-a müsahibəsində deyib.
O bildirib ki, qadağalara baxmayaraq, Korsika Milli Assambleyasında qeyri-rəsmi formada Korsika dilindən istifadəyə görə Fransa onlara irad tutur, onlara etiraz edir.
“Korsika dilinə qarşı bu qeyri-bərabər mövqe düzgün deyil. Korsikada öz dilimizdən istifadə edilməlidir. Xüsusilə də Korsika Milli Assambleyasında Korsika dilindən rəsmi istifadə olunmalıdır”, - deyə Jan Gi Talamoni vurğulayıb.
“Korsikalıların öz ana dillərindən istifadə etməsini istəməyən Fransa administrasiyası ilə münaqişə davam edir. Dilimizdən istifadə təbii hüququmuzdur. Uzun illərdir, Korsika Milli Cəbhə Partiyasının dilimizdən fransız dili ilə birgə rəsmi istifadə etməklə bağlı tələbləri var. Bu gün Korsikada fəaliyyət göstərən bütün partiyalar dilimizdən rəsmi istifadə ilə bağlı mübarizəni davam etdirir. Ancaq Paris qətiyyətlə bu tələbi rədd edir və tələbimizi bloklayıb. Bu gün Fransa dilimizdən rəsmi istifadə ilə bağlı danışıqların inkişaf etdirilməsində maraqlı görünmür. Ancaq mübarizəmizi davam etdirəcəyik”, - deyə korsikalı siyasətçi bildirib.