İQTİSADİYYAT
Kosmik həkim: Azərbaycanın kosmik layihələrində məmnuniyyətlə iştirak etməyə hazıram
![Kosmik həkim: Azərbaycanın kosmik layihələrində məmnuniyyətlə iştirak etməyə hazıram](/files/2023/3/1200x630/16965065385725361157_1200x630.jpg)
Bakı, 5 oktyabr, AZƏRTAC
74-cü Beynəlxalq Astronavtika Konqresi, bu tədbirin miqyası və Bakı şəhərinin özü ilə bağlı təəssüratlarımız heyrətamizdir. Boş vaxtlarımızda Bakını gəzdik və çox məmnun qaldıq. Belə səmimi qəbula və qonaqpərvərliyə görə hər kəsə təşəkkür edirəm. Burada özümüzü olduqca xoş ab-havada hiss edirik.
Bu barədə AZƏRTAC-a 74-cü Beynəlxalq Astronavtika Konqresinin iştirakçısı, aviasiya və kosmik tibb üzrə mütəxəssis, Rusiya Elmlər Akademiyasının Tibbi-Bioloji Problemlər İnstitutunun (REA TBPİ) əməkdaşı, SİRİUS-23 eksperimentində Asqardiyanı (təsisçisi və prezidenti Rusiyalı iş adamı və filantrop İqor Aşurbəyli olan tanınmamış kosmik dövlət) təmsil edəcək Kseniya Orlova bildirib.
İllik izolyasiya eksperimenti əsnasında Asqardiya və TBPİ proqramı üzrə "Qadın orqanizmində immunoloji, mikrobioloji vəziyyətlərə və mineral-sümük mübadiləsinə kosmik uçuş amillərindən biri kimi izolyasiyanın təsirinin qiymətləndirilməsi" üzrə tədqiqatların davam etdiriləcəyini qeyd edən Kseniya Orlova bildirib ki, 2023-cü ilin noyabr ayında SİRİUS-23 ekipajının üzvü olan altı könüllü kosmosa yollanacaq və bu missiya tam 365 gün davam edəcək.
"Bakıda keçirilən konqres sərgisində ən çox bəyəndiyimiz odur ki, burada bir çox xarici şirkətlər təmsil olunub. İzolyasiya və ya digər səbəblərdən görə bilmədiyimiz həmkarlarımızı burada görmək çox xoşdur. Biz Asqardiyanı və kosmik uçuşları modelləşdirən izolyasiya təcrübələrinin nümayəndələri olaraq, əlbəttə ki, kosmosa uçmaqda maraqlıyıq və gələcəkdə Azərbaycanın kosmik layihələrində məmnuniyyətlə iştirak edəcəyik", - deyə K. Orlova sözlərinə əlavə edib.