Kremençuq merinin qətlində şübhəli bilinənlər saxlanılıb
Məlumatda deyilir: “Əməliyyat-axtarış tədbirlərinin gedişində Babayevin qətlində şübhəli bilinən dörd adam müəyyən edilərək saxlanılıb. Onlardan ən gəncinin 22 yaşı var. Hazırda məhkəmə saxlanılanlar barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsini həll edir”.
İstintaqa zərər vurmamaq üçün Kremençuq və Poltava milisində hələlik heç bir açıqlama verilmir. Cinayətin kim tərəfindən sifariş edildiyi də məlum deyil.
Oleq Meydanoviçin vəfatından 40 gün keçib. Kremençuq sakinləri həqiqətən xalqın meri olan həmvətənimizi çox sevirdilər, onunla vidalaşmağa on minlərlə adam gəlmişdi.
AZƏRTAC-ın xəbər verdiyi kimi, O.Babayevi iyulun 26-da səhər idman məşqinə gedərkən güllələyiblər. Hadisə zamanı sükan arxasında özü əyləşib, mühafizəçiləri də yanında olmayıb.
Cinayətkarların oturub getdikləri avtomobil bir neçə gündən sonra Poltava vilayətinin rayonlarından birində tapılıb. Maddi sübutları və genetik materialı aradan götürmək üçün maşın qəsdən yandırılıb. Milis yalnız maşının rənginin ağ olduğunu müəyyən edə bilib.
İstintaq qətlin üç əsas versiyasını göstərib: peşə fəaliyyəti, biznes və şəxsi-qərəzlik. Şübhəliləri müəyyənləşdirmək üçün milis bir neçə yüz adamı dindirməli olub.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev