Krımın Azərbaycanlılar İcması Azərbaycan partizanlarının xatirəsini ehtiramla yad edir
Bakı, 8 may (AZƏRTAC). Böyük Vətən müharibəsi illərində azərbaycanlı partizanlar 8-ci Azərbaycan partizan dəstəsinin tərkibində Krım dağlarında vuruşmuşlar.
Bu barədə AZƏRTAC-a Krımın azərbaycanlılar icmasının rəhbəri Rəhim Hümbətov məlumat vermişdir.
1944-cü ilin may ayında Cənub birləşməsinin 7-ci partizan briqadasının komandiri Vixmanın imzası ilə 8-ci Azərbaycan partizan dəstəsinin komandiri Məmməd Əliyevə verilmiş “Xidməti xasiyyətnamə”də göstərilir ki, Məmməd Əliyevin rəhbərlik etdiyi dəstə 300-ə qədər düşmən zabitini və əsgərini əsir götürmüş, 400-dən çox əsgər və zabiti məhv etmiş, xeyli qənimət, o cümlədən 5 top, 50-dən çox pulemyot, 350 tüfəng və başqa silah-sursat ələ keçirmişdir. Məmməd Əliyev bütün döyüşlərdə və əməliyyatlarda igidlik və mərdlik nümunəsi olmuşdur”.
Krımın Azərbaycanlılar İcmasının başçısı vurğulamışdır: “Yalta Tarix-Mədəniyyət Muzeyində saxlanılan sənədlərin birində göstərilir ki, Əliyev Məmməd Kərim oğlu Yalta rayonunda hücum əməliyyatını yaxşı keçirdiyinə görə tapança ilə təltif edilmişdir”.
Müharibə illərində Krım torpağına Azərbaycan döyüşçülərinin qanı çox tökülmüşdür.
Minlərlə azərbaycanlı bu diyarın faşizmdən azad edilməsi uğrunda vuruşmuş və canlarından keçmişdir.
Xatırladaq ki, Yaltanı faşistlərdən azad etmiş 323-cü atıcı alayının komandiri Cəlil Nəcəbova müharibədən sonra “Yaltanın fəxri vətəndaşı” adı verilmişdir. “Azərbaycan diviziyası” adlanan 77-ci atıcı diviziya Krım torpağının azad edilməsi uğrunda döyüşlərdə çox fəal iştirak etmişdir. Azərbaycanlılar başqa qoşun birləşmələrinin, o cümlədən əsasən ermənilərdən və gürcülərdən ibarət diviziyaların tərkibində də döyüşmüşlər.
Sevastopolda, Sapun-Qorada Azərbaycanın qəhrəman oğul və qızlarının şərəfinə memorial kompleks yaradılmışdır. Yaltada mərkəzi parklardan birinə Cəlil Nəcəbovun adı verilmişdir.
Rəhim Hümbətov söhbətinin sonunda demişdir: “Azərbaycanlılar icması Yalta Tarix-Mədəniyyət Muzeyinin kollektivinə azərbaycanlılarla bağlı sənədlərin qayğı ilə qorunub saxlanmasına görə təşəkkürünü bildirir”.