Kür çayının aşağı axınında suyun səviyyəsi əsasən artıb
Bakı, 5 yanvar, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 140-150, Kiçik Qafqazın çaylarında 180-220, Lənkəran-Astara bölgəsi çaylarında 120, Naxçıvan Muxtar Respublikası çaylarında isə 220 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a bildirilib ki, yanvarın 5-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 211 kubmetr olmaqla ongünlük normanın 129 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm saniyədə 147 kubmetr olmaqla ongünlük normanın 90 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 70 kubmetr olmaqla ongünlük normanın 99 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 53 kubmetr təşkil edərək ongünlük normanın 75 faizinə bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, suyun səviyyəsi Kür çayının Surra məntəqəsində 6, Şirvanda 8, Salyanda və Araz çayının Novruzlu məntəqəsində 4 santimetr artıb, lakin Bankə məntəqəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 394 (2017-ci il yanvarın 5-də 468 sm), Şirvanda 267 (2017-ci il yanvarın 5-də 377 sm), Salyanda 227 (2017-ci il yanvarın 5-də 331 sm), Bankədə 213 (2017-ci il yanvarın 5-də 251 sm), Araz çayının Novruzlu məntəqəsində isə 127 santimetr (2017-ci il yanvarın 5-də 188 sm) təşkil edir.