Kür çayının Bankə məntəqəsində suyun səviyyəsi 12 santimetr azalıb
Bakı, 8 dekabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-145, Kiçik Qafqazın çaylarında 45-105, Lənkəran-Astara bölgəsi çaylarında 100-200, Naxçıvan Muxtar Respublikası çaylarında isə 160 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a bildirilib ki, dekabrın 8-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 171 kubmetr olmaqla ongünlük normanın 109 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm saniyədə 198 kubmetr olmaqla ongünlük normanın 126 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 45,5 kubmetr olmaqla ongünlük normanın 59 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 77 kubmetr təşkil edərək ongünlük normanın 100 faizinə bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 6, Şirvanda 4, Salyanda 7 santimetr artım, Bankədə 12, Araz çayının Novruzlu məntəqəsində isə 7 santimetr azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 368 (2016-cı il dekabrın 8-də 450 sm), Şirvanda 241, Salyanda 192 (2016-cı il dekabrın 8-də 317 sm), Bankədə 191 (2016-cı il dekabrın 8-də 247 sm), Araz çayının Novruzlu məntəqəsində isə 88 santimetr (2016-cı il dekabrın 8-də 167 sm) təşkil edir.