Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 6 santimetr artıb
Bakı, 15 dekabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-140, Kiçik Qafqazın çaylarında 110-150, Lənkəran-Astara zonası çaylarında 110-140, Naxçıvan Muxtar Respublikası çaylarında isə 150 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a bildirilib ki, dekabrın 15-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 191 kubmetr olmaqla ongünlük normanın 122 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm saniyədə 183 kubmetr olmaqla ongünlük normanın 117 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 41 kubmetr olmaqla ongünlük normanın 54 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 83 kubmetr təşkil edərək ongünlük normanın 110 faizinə bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində və Bankədə 4, Salyanda 16 santimetr azalma qeydə alınıb, Surrada və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 380 (2016-cı il dekabrın 15-də 457 sm), Şirvanda 265, Salyanda 216 (2016-cı il dekabrın 15-də 325 sm), Bankədə 202 (2016-cı il dekabrın 15-də 259 sm), Araz çayının Novruzlu məntəqəsində isə 130 santimetr (2016-cı il dekabrın 15-də 180 sm) təşkil edir.