Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 23 santimetr artıb
Bakı, 27 oktyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-130, Kiçik Qafqazın çaylarında 40-90, Lənkəran-Astara bölgəsi çaylarında 40-50 , Naxçıvan Muxtar Respublikası çaylarında isə 140 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a bildirilib ki, oktyabrın 27-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 167 kubmetr olmaqla ongünlük normanın 101 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm saniyədə 225 kubmetr təşkil etməklə ongünlük normanın 136 faizinə bərabər olub.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 59 kubmetr olmaqla, ongünlük normanın 64 faizini təşkil edir. Ötən il isə bu göstərici 146 kubmetr təşkil edərək ongünlük normanın 159 faizinə bərabər olub.
Oktyabrın 27-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 23, Şirvanda və Bankədə 6, Salyanda 14, Araz çayının Novruzlu məntəqəsində 2 santimetr artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 373 (2016-cı il oktyabrın 27-də 556 sm), Şirvanda 209, Salyanda 179 (2016-cı il oktyabrın 27-də 407 sm), Bankədə 185 (2016-cı il oktyabrın 27-də 279 sm), Araz çayının Novruzlu məntəqəsində isə 80 santimetr (2016-cı il oktyabrın 27-də 266 sm) təşkil edir.