KÜR VƏ ARAZ ÇAYLARINDA BİOGEN MADDƏLƏRİN MİQDARI NORMADAN DƏFƏLƏRLƏ ARTIQDIR
Bakı, 13 iyul (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədi ilə iyul ayının I ongünlüyü üçün növbəti monitorinq həyata keçirmişdir.
İyul ayının I ongünlüyündə Kür çayında suyun sərfi iyun ayının III ongünlüyünə nisbətən 246 kubmetr/saniyə azalaraq 234 kubmetr/saniyə təşkil etmişdir.
Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olmuşdur. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Belə ki, Şıxlı-2 məntəqəsində fenollar 5, mis birləşmələri 3, Ağstafaçay məntəqəsində fenollar və mis birləşmələri 3, Ağstafaçay su anbarında isə fenollar 2, mis birləşmələri 4 dəfə YVQH-ni keçmişdir.
Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi 232 kubmetr/saniyə olmuşdur. Horadiz məntəqəsində fenollar 4, mis birləşmələri 3, I Şahsevən məntəqəsində fenollar 3, mis birləşmələri 2, Bəhramtəpə məntəqəsində fenollar 3, mis birləşmələri 2 dəfə normadan artıq olmuşdur.
Suyun oksigen rejimi bütün məntəqələrdə sanitar norma daxilində dəyişmişdir.