Kürdəmirdə gənclər arasında “Sərrast atıcı” yarışı keçirilib
Kürdəmir, 25 iyun, AZƏRTAC
Kürdəmirdəki Gənclər evində 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunan gənclər arasında tir atıcılığı üzrə “Sərrast atıcı” yarışı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə keçirilən yarışda Kürdəmir Regional “ASAN xidmət” Mərkəzinin, Dövlət Aqrar İnkişaf Mərkəzinin və digər təşkilatların fəal gəncləri iştirak ediblər. Turnirin açılış mərasimində torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Yarışda Səxavət Əliyev və Simarə Səlimova I yerə, Zaur Xasməmmədov II yerə, Rza Xasməmmədov isə III yerə layiq görülüblər. Qaliblərə rayon Gənclər və İdman İdarəsinin diplomları verilib.