Kürdəmirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib VİDEO
Kürdəmir, 11 aprel, AZƏRTAC
Kürdəmir rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun 31-ci kilometrliyində, rayonun Qaraqocalı kəndindən keçən hissəsində qeydə alınıb.
Rayon sakini İsmayılov Rahim Zöhrab oğlu idarə etdiyi BMW markalı avtomobillə Kürdəmir istiqamətində hərəkətdə olarkən əks istiqamətdə hərəkətdə olan sürücü, rayon sakini, 1988-ci il təvəllüdlü Kərimov Rafət Şəfayət oğlunun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınla toqquşub. Nəticədə R.Kərimov hadisə yerində ölüb.
BMW markalı avtomobildə sıxılıb qalmış sürücü İsmayılov Rahim Zöhrab oğlu isə FHN-nin Kürdəmir rayon şöbəsinin qəza xilasetmə xidmətinin əməkdaşlarının köməyi ilə avtomobildən çıxarılıb.
Hər iki avtomobildə olan digər sərnişinlər - 1970-ci il təvəllüdlü Kərimov Mübariz Paşa oğlu və 1991-ci il təvəllüdlü Rəsulov Hakim İlqar oğlu da müxtəlif bədən xəsarətləri alaraq təcili tibbi yardım maşının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.