Kürşad Zorlu: Orta Dəhliz Türk dünyasının iqtisadi konsolidasiyasına tarixi fürsət yaradır
Ankara, 26 oktyabr, AZƏRTAC
Çindən başlayaraq və Mərkəzi Asiya ölkələrindən, Azərbaycandan, Gürcüstandan, Türkiyədən keçərək Avropaya doğru uzanan Orta Dəhliz Türk dünyasının iqtisadi konsolidasiyası üçün tarixi fürsət təqdim edir.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Türk dünyası ilə əlaqələr üzrə sədr müavini professor Kürşad Zorlu Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə toplantısına həsr olunmuş mətbuat konfransında bildirib.
AK Partiyanın sədr müavini Orta Dəhliz vasitəsilə yükdaşımalarının artdığını vurğulayıb. “Orta Dəhliz boyunca yükdaşımaları 2022-ci ildə 1,7 milyon ton təşkil edirdisə, 2025-ci ilin sonuna qədər bu rəqəm 4,1 milyon tona çatıb. Bu marşrut üzrə yükdaşımalarında orta artım ildə 34 faiz təşkil edib”, - deyə K. Zorlu bildirib.
Siyasətçi Dünya Bankının proqnozlarına diqqət çəkib. Həmin proqnozlara görə, nəqliyyat və logistikaya davamlı investisiya qoyuluşu ilə Orta Dəhliz boyunca ticarət həcmi 2030-cu ilə qədər üç dəfə arta bilər.
O, Orta Dəhlizin gücləndirilməsində amillər sırasında Bakı-Tbilisi-Qars və Çin-Qırğızıstan-Özbəkistan dəmir yollarını, eləcə də Zəngəzur dəhlizini göstərib. “Avropa ilə Çin arasında ticarət dövriyyəsi hazırda 850 milyard dollar təşkil edir ki, bunun da bir hissəsi Orta Dəhlizin payına düşür. Digər ticarət marşrutlarına təsir edən böhranlar fonunda Orta Dəhliz bizə böyük imkanlar təqdim edir”, - deyə AK Partiyanın sədr müavini vurğulayıb.
K. Zorlu Türkiyə Ticarət və İnfrastruktur Nazirliyinin proqnozlarına da diqqət çəkib. Həmin proqnozlara görə, Orta Dəhlizin Türkiyənin istehsal gücünə müsbət təsiri 114 milyard dollara çata, məşğulluq isə 144 min nəfər arta bilər.