Küveytin “Al Jarida” qəzetində ölkəmizin turizm imkanları haqqında məqalə dərc olunub
Bakı, 9 iyun, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin Körfəz ölkələrində fəaliyyət göstərən turizm nümayəndəliyi olan “Atlantis Holidays” şirkətinin təbliğat işləri nəticəsində Küveytin “Al Jarida” qəzetində Azərbaycanın turizm imkanları haqqında məqalə dərc edilib.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, məqalədə müəllif ölkəmizin turizm imkanları ilə yanaşı, Azərbaycanın Küveyt turizmi üçün ən yaxşı nümunə hesab oluna biləcəyini diqqətə çatdırır.
Bundan əlavə, müəllif Heydər Əliyev Beynəlxalq Hava Limanını müasir infrastrukturu ilə dünyanın ən yaxşı aeroportlarından biri kimi qiymətləndirir. Bakının simvoluna çevrilmiş Heydər Əliyev Mərkəzinin möhtəşəm memarlıq nümunəsi olduğu bildirilir.
Məqalədə Azərbaycan təbiəti, musiqisi, milli mətbəxi, mədəniyyət və tarixi haqqında ətraflı məlumatlar qeyd olunub. Həmçinin Bakı küçələri, Yanardağ və palçıq vulkanları da əhəmiyyətli turistik məkanlar kimi vurğulanıb.
Sonda müəllif Azərbaycanda keçirilən bayram, festival və beynəlxalq tədbirlər haqqında da geniş məlumat verib.