“Laçın mənim üçün Məkkə qədər müqəddəsdir” – Laçın sakini REPORTAJ
Laçın, 5 yanvar, Aydın Yavərzadə, AZƏRTAC
Laçından məcburi köçkün düşən Cabbarovlar ailəsi 30 ildən sonra doğma yurdlarına gəlib, həm kədərli, həm də sevincli anlar yaşayıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cabbarovlar ailəsi 1992-ci il mayın 9-da erməni hərbçilərinin atəşi altında Laçından çıxmağa məcbur ediliblər. Ötən illərdə Vətən həsrəti digər laçınlılar kimi, onlar üçün də ağır olub. Amma indi o həsrət artıq yoxdur, Laçın da digər yurd yerlərimiz kimi, azaddır.
Cabbarovlar ailəsinin 30 il 7 aydan sonra doğma yurdlarında ilk üz tutduğu yer doğulub boya-başa çatdıqları ev olub. Lakin evdən əsər-əlamət qalmayıb. Ermənilər işğal dövründə Cabbarovlar ailəsinin də evlərini dağıdıb, talayıblar. Gördüklərini dilə gətirməkdə çətinlik çəkən Yeganə Cabbarlı deyib: “Burada fəlakət gördük. Sözlə təsvir etmək mümkün deyil. Şükürlər olsun ki, evimiz olmasa da, torpağımız azaddır. Dağdağan ağacımız yerindədir. Çox arzulayırdım ki, bu dağdağan ağacına və qədim bulağımıza toxunulmasın. Laçın mənim üçün Məkkə, Mədinə qədər əzizdir. Dünyanın ən gözəl yeridir. İş yerimi gördüm. Orada o qədər xatirələrim var ki... İlk əmək fəaliyyətimə orada başlamışam”.
Cabbarova bacıları evləri qədər onlara əziz olan məktəbə də baş çəkiblər. Lakin yenə də dağıntıya məruz qalmış bina qalıqları ilə qarşılaşıblar. Bina dağıdılsa da, xatirələr yaşayır. Aygün Cabbarova son dərsi, son günü kədərlə, göz yaşları ilə xatırlayıb: “Mayın 9-da biz Laçını tərk etmək məcburiyyətində qaldıq. Şagirdlərimin son zəngi bu məktəbdə səslənmədi...”.
Aygün Cabbarovanın şagirdlərindən biri Hafiz Həsənov da uzun illər sonra ilk dəfə Laçına gəlib. On il təhsil aldığı məktəbi, oxuduğu sinfi 30 il sonra sinif yoldaşlarına göstərmək üçün onlarla telefonla görüntülü danışıb, məktəb illərindən söhbət açıb. “Məktəbdə axırıncı dərsimiz kimya fənnindən idi. Sonra hamımız çıxıb evə getdik. O günləri yada salmaq ağırdır. Ötən illərdə rəhmətə gedən müəllimlərimiz də oldu. Bir vaxtlar gül-çiçək olan bu yerlərdən geriyə görün nə qalıb”, - deyə Hafiz bildirib.
Cabbarovlar şəhəri gəzə-gəzə növbəti ünvana, babalarının evinə gəliblər. Lakin mənzərə fərqli idi. Dövlətimiz tərəfindən burada tikinti işlərinə başlanılıb, dağıntılara məruz qalmış evlər bərpa edilir. Gördükləri mənzərədən onlar da sevinirlər.
Baba evini görən Aytəkin Cabbarova sevinc hisslərini belə ifadə edib: “Babamın evinə xoş gəlmisiniz. Çox sevinirəm ki, bu evi gəldim gördüm. Çünki uşaqlığım demək olar ki, bu evdə keçib. Ev bərpa olunur. Allahın bu gününə şükür, biz bu yerlərdə övladlarımızla birgə xoşbəxt, firavan günlər yaşayacağıq”.
Laçının hər qarışında görünən erməni vəhşiliyi məzarlıqdan da yan keçməyib. Vandallığa məruz qalan qəbirlər, dağıdılan baş daşları... Ermənilər qəbiristanlığın yerini itirməyə çalışıb və ərazini tullantı yerinə çeviriblər.
Bütün bunlara baxmayaraq, Laçının laçın çağları artıq geri qayıdır. Genişmiqyaslı quruculuq və bərpa işləri onu göstərir ki, hər bir laçınlı qısa zamanda öz yurduna dönəcək, hər bir evdə işıq yanacaq, körpə səsi eşidiləcək. Laçınlılar doğma yurdlarında yenidən firavan günlərini yaşayacaqlar.