REGİONLAR
Laçın sakini: Fevralın 7-si bizim üçün yaddaşlara əbədi həkk olacaq təqvimə çevriləcək
Laçın, 17 yanvar, Aydın Yavərzadə, AZƏRTAC
Qalib ölkənin qalib vətəndaşlarıyıq. Yurd həsrətimiz bitib, Laçınımıza qovuşmuşuq, tarixi günlərə şahidlik edirik. İndi qarşıdan prezident seçkiləri gəlir, fevralın 7-si bizim üçün yaddaşlara əbədi həkk olacaq bir təqvimə çevriləcək.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Laçın sakini Rövşən Əliyev söyləyib.
O deyib: “30 il Laçın həsrəti ilə yaşasaq da, ümidimiz itmədi, doğma yurdumuza qayıdacağımız günü gözlədik. İndi dədə-baba yurdumuzda məskunlaşmışıq. Bu torpaqlar həm də and yerimizdir, hər qarışı şəhid qanı ilə yuyulub. Laçınımız yenidən laçın çağlarına qayıdır. Bura qayıdandan sonra bir çox bayramlarımızı, o cümlədən Laçın Şəhəri Gününü də qeyd etmişik. Prezident seçkilərini də elə bayram əhvali-ruhiyyəsində keçirəcəyik. Laçın sakini kimi doğma yurdumda səsvermədə iştirak edəcəyim üçün çox sevincliyəm. Ailədə 7 nəfərik, hər birimiz də səsvermədə iştirak edəcəyik. İlk dəfə səsvermədə iştirak edəcək nəvəmlə birlikdə Laçında ən layiqli namizədə səs verəcəyəm”.