Laçın-Xankəndi yolunda aksiya: İştirakçılar danışır
Şuşa, 26 dekabr, Elmir Səftərov, AZƏRTAC
Xəbər verdiyimiz kimi, artıq 15 gündür ki, Azərbaycanın Laçın rayonu ilə Xankəndi şəhərini birləşdirən yolun Şuşa şəhərindən keçən hissəsində ölkəmizin vətəndaş cəmiyyəti institutlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və ekofəalların iştirakı ilə dinc etiraz aksiyası keçirilir.
Aksiya iştirakçıları Ermənistanın mina terroruna, Qarabağdakı təbii sərvətlərimizin qeyri-qanuni istismarına son qoyulmasını və ölkəmizin müvafiq qurumları tərəfindən ərazidəki faydalı qazıntı yataqlarında monitorinqlərin aparılmasına icazə verilməsini tələb edirlər.
Etirazçılar aksiya ilə bağlı təəssüratlarını AZƏRTAC-ın hadisə yerində olan müxbiri ilə bölüşüblər.

Çinarə Bayramova: “Aksiya ekologiyamıza qarşı törədilən terror dayandırılana və tələblərimiz yerinə yetirilənədək davam edəcək. Bir gənc kimi bu aksiyaya qoşulmağı özümə borc bildim. Burada olduğum üçün çox şadam”
Aksiya iştirakçılarının tələblərinin dəyişməz olaraq qaldığını vurğulayan gənc fəal deyib: “Əgər Azərbaycan ərazilərindəki təbii sərvətlərin qanunsuz istismarı, habelə ekologiyamıza qarşı aparılan terror dayandırılmasa, tələblərimiz təmin edilməsə, aksiyamız davam edəcək. Hər kəs bilməlidir ki, ölkəmizin yerüstü və yeraltı sərvətləri yalnız və yalnız Azərbaycana məxsusdur. Biz haqlı olaraq bu tələblərin yerinə yetirilməsini istəyirik”.
Etiraz aksiyasına könüllü qoşulduğunu bildirən Amin Babayev deyib ki, onlar qürurla, yorulmadan haqlı etirazlarını davam etdirirlər.
“Hər gün sıralarımız daha da genişlənir. Azərbaycan gəncləri Vətən müharibəsində olduğu kimi, burada da birlik nümayiş etdirirlər. Artıq hər kəs görür ki, xalqımız ərazilərimizdə aparılan qanunsuz prosesləri qəbul etmir və bundan sonra da etməyəcək.
O qeyd edib ki, əsas məqsəd tələblərimizin yerinə yetirilməsidir və biz istədiyimizə nail olacağıq. Havanın necə olmasına baxmayaraq, gənclər, könüllülər həmrəylik nümayiş etdirirlər.
“Ərazilərimizdə həyata keçirilən ekoloji terrorun dayandırılması hər bir vətəndaş üçün çox önəmlidir. Bundan əlavə, müvafiq dövlət qurumları tərəfindən ərazilərimizdə monitorinqlər aparılmalıdır. Bu, Azərbaycan xalqının tam təbii tələbi və haqqıdır”. Bu fikirləri isə aksiya iştirakçısı Arzu Məmmədova söyləyib.
Aksiya iştirakçıları arasında gənclərin üstünlük təşkil etdiklərini diqqətə çatdıran A.Məmmədova vurğulayıb: “Biz ərazilərimizdə ekoloji terrora son qoyulması barədə şüarlar səsləndiririk. Bir Azərbaycan gənci olaraq burada olmaqdan qürur duyuruq”.