Laçında doğulmayanların Laçınla doğulan arzuları
Bakı, 5 aprel, AZƏRTAC
Keçmiş məcburi köçkün ailələrində böyüyən uşaqlar da işğaldan azad edilmiş doğma yurda qayıtmaq istəyirlər.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, onların öz arzuları, xəyalları var: hələ üzünü görmədikləri, amma böyüklərin haqqında həsrət və sevgi ilə danışdıqları yerlərdə evlər tikəcək, orada yaşayacaq, işləyəcəklər. Laçın rayonunun Zabux və Sus kəndlərindən olan uşaqlar da onlar arasındadırlar. Bu uşaqlar Bakıda müxtəlif yerlərdə ailələri ilə birgə məskunlaşıblar. Onlar valideynlərindən eşitdikləri, xəyallarındakı Zabux və Susa qayıdışla bağlı səmimiyyətlə danışırlar. Həmin uşaqların Böyük Qayıdışdan əvvəlki arzuları Laçında çin olacaq və şirin bir xatirəyə çevriləcək.
İşğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı Dövlət Komitəsinin hazırladığı videoçarxların qəhrəmanları tezliklə doğma yurda geri dönəcək həmvətənlərimizdir. Onların aralarında məktəblilər də var. Keçmiş məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edir, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirlər.