Laçınlı məktəblilər 20 Yanvar şəhidlərinin xatirəsini anıblar
Bakı, 19 yanvar, Flora Şükürova, AZƏRTAC
Laçın rayonu 19 nömrəli tam orta məktəbdə 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə məktəbin direktoru Şakir Rzayev 20 Yanvar hadisələrinin başvermə səbəbləri və acı nəticələrindən danışıb. Bildirilib ki, hər il olduğu kimi, bu il də məktəbdə Qanlı Yanvara həsr olunmuş açıq dərslər keçirilib. Siniflər üzrə təşkil olunan sərgilərdə faciə ilə əlaqədar fotolar, məktəblilərin çəkdikləri rəsmlər nümayiş etdirilib. Məktəbin ibtidai sinif şagirdlərinin Şəhidlər xiyabanına ziyarəti təşkil olunub.
Ş.Rzayev 20 Yanvar hadisələrinin xalqımızın azadlıq mübarizəsi tarixində şanlı səhifə olduğunu vurğulayıb. Qeyd olunub ki, Vətənimizin azadlığı, müstəqilliyi uğrunda canlarını qurban verən şəhidlər ölməzliyə qovuşaraq tariximizin şərəfli səhifəsini yazıblar. Onların qəhrəmanlığı gənclərə əsl vətənpərvərlik nümunəsidir.
Tədbirdə məktəbin müəllimləri Təranə Əmiralıyeva, Leyla Yusifova, Nəzakət Xudiyeva və başqaları çıxış edərək bildiriblər ki, 20 Yanvar faciəsi xalqımızın qan yaddaşından heç vaxt silinməyəcək. Vətənimizin müstəqilliyi, suverenliyi və azadlığı uğrunda şəhid olanların əziz xatirəsi qəlblərdə əbədi yaşayacaq.
Sonda məktəblilərin Qanlı Yanvara həsr etdikləri ədəbi-bədii kompozisiya nümayiş olunub.