LATVİYANIN İQTİSADİYYAT NAZİRİ YURİ STRODSUN ÇIXIŞI
-Hörmətli cənab prezidentlər,
Nümayəndə heyətlərinin başçıları,
Hörmətli xanımlar və cənablar!
Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM-ın ikinci zirvə görüşünün bugünkü geniş iclasında çıxış etmək mənim üçün böyük şərəfdir. Dövlət nümayəndələrinin belə yüksək səviyyədə təmsil edilməsi fəal dövlətlərarası əlaqələrin ölkələrimiz üçün zəruri olmasını aydın göstərir. İqtisadi dialoqumuzun inkişaf perspektivlərindən danışarkən, qeyd etmək istəyirəm ki, Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna digər region ölkələri ilə ikitərəfli münasibətlər, istər Latviya Avropa İttifaqına daxil olmazdan əvvəl və istərsə də sonra bizim xarici iqtisadi siyasətimizin mühüm hissəsini təşkil edir.
Bu gün Latviya və GUAM ölkələri arasında iqtisadi münasibətlər xüsusilə intensiv inkişaf edir. 2005-ci ildə Latviya ilə Gürcüstan arasında iqtisadi əlaqələrə dair müqavilə, 2006-cı ildə isə Latviya ilə Azərbaycan, həmçinin Latviya və Ukrayna arasında müqavilələr qüvvəyə minmişdir. Ümidvaram ki, yaxın vaxtlarda Latviya ilə Moldova arasında iqtisadi və sənaye əlaqələrinə dair müqavilə qüvvəyə minəcəkdir. Bu il həmin müqavilələr çərçivəsində Latviya-Azərbaycan, Latviya-Ukrayna hökumətlərarası komissiyalarının iclasları keçirilmişdir. Latviya-Gürcüstan hökumətlərarası komissiyasının iclası da planlaşdırılır, ümid edirəm ki, yaxın gələcəkdə Latviya-Moldova komissiyasının iclası da baş tutacaqdır.
Bildiyiniz kimi, Latviyanın GUAM ölkələri ilə əlaqələrinin möhkəmlənməsi baxımından müsbət hadisələr dövlətimizin 2004-cü ildə Avropa İttifaqına daxil olmasından sonra baş vermişdir. Latviyanın Avropa İttifaqına üzv olması ölkələrimiz arasında qarşılıqlı fayda və uğur gətirən əməkdaşlığın imkanlarını genişləndirmişdir. Bunu mal dövriyyəsi, qarşılıqlı investisiya və əməkdaşlıq layihələrinin statistik göstəriciləri təsdiq edir. Lakin fikrimcə, sıx əlaqələrin bu dərəcədə mütərəqqi meyli Avropa İttifaqının Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna ilə tərəfdaşlıq əlaqələrinin inkişafında maraqlı olması ilə də şərtlənir.
Latviya GUAM-ın üzvü olan ölkələrin hökumətlərinin iqtisadiyyatın, siyasətin müxtəlif sahələrində həyata keçirdiyi islahatları yüksək dəyərləndirir. Öz tərəfimizdən biz islahatların aparılması və beynəlxalq təşkilatlara inteqrasiya sahəsində kömək göstərməyə və təcrübəmizi bölüşməyə hazırıq. Biz Azərbaycan və Ukraynanın dünya ticarətinin genişlənməsində ən səmərəli vasitə, həmçinin uğurlu beynəlxalq münasibətlərin zəminindən biri olan Dünya Ticarət Təşkilatına daxil olmaq səylərini də fəal surətdə dəstəkləyirik. Latviya hər zaman azad bazara və onun təminatı kimi ticarət münasibətlərinin liberallaşdırılmasına tərəfdar olmuşdur.
Qeyd etmək istəyərdim ki, ölkələrimiz arasında ikitərəfli iqtisadi münasibətlərin bir çox sahələrdə inkişaf potensialı vardır. Məsələn, nəqliyyat, tranzit, logistika, energetika, sənaye və turizm sahələrində. Baltik dənizi və GUAM ölkələri regionu demokratiya və azad iqtisadi inkişaf dəyərlərinə sadiq olan tərəfdaş ölkələrlə əməkdaşlığı genişləndirmək və dərinləşdirmək istiqamətində böyük üstünlüklər verən strateji coğrafi mövqeyə malikdir. Bu coğrafi mövqedən ağılla istifadə edilməsi, ölkələrimizin iqtisadiyyatının inkişafında həlledici amillərdən birinə çevrilə bilər. Qloballaşma prosesində tərəfdaşlığın regional səviyyədə genişləndirilməsinə xüsusi diqqət yetirmək lazımdır. Bunun uğurlu inkişafı beynəlxalq siyasi və iqtisadi səhnədə dövlətlərin sabitliyinin təminatı olacaqdır. Əminəm ki, GUAM-ın zirvə görüşü ölkələrimizə qarşılıqlı münasibətlərin yeni perspektivlərini müzakirə etməyə kömək edəcəkdir. Zirvə görüşündə iştirak edən bütün üzv ölkələrə səmimi qəlbdən səmərəli əməkdaşlıq arzulayıram və xüsusilə də qonaqpərvərliyə görə Azərbaycana minnətdarlığımı bildirir, uğur və firavanlıq diləyirəm.
Diqqətinizə görə sağ olun.