Latviyanın “Spare” turizm agentliyi Bakıda turizmə dair seminar keçirəcək
Riqa, 23 may, AZƏRTAC
Mayın 26-da Latviyanın “Spare” turizm agentliyi Bakıda seminar keçirəcək. Seminarda Latviyaya informasiya turu elan ediləcək. Bu barədə turizm agentliyinin təsisçisi İvonna Kezbere AZƏRTAC-ın xüsusi müxbiri ilə söhbətində məlumat verib.
İ.Kezbere diqqətə çatdırıb ki, avqust ayında “Spare” turizm agentliyi Latviyanın “Airbaltic” aviasiya şirkəti ilə birlikdə Azərbaycanın turizm firmalarının 15 nümayəndəsi üçün Riqaya pulsuz informasiya turu təşkil edəcək.
Seminarda turizmin yeni sahəsi - son vaxtlar Latviyada sürətlə inkişaf edən tibbi turizm haqqında da informasiya veriləcək.
İvonna Kezbere deyib ki, seminarda Riqada toy şənliklərinin keçirilməsi barədə maraqlı təkliflər səslənib. İ.Kezbere belə hesab edir ki, məsələn, toy mərasiminin Latviyanın ən mühüm arxitektura və tarixi abidələrindən biri olan Rundal qalasında keçirilməsi hadisənin
bütün təntənəsini daha yaxşı nəzərə çarpdıracaq.
“Spare” turizm agentliyinin təsisçisi bildirib ki, agentlik yeni turizm məhsulu təklif edir - helikopterlə turlar təşkil edir. İ.Kezbere qeyd edib ki, seminarda Şengen vizalarının alınması, Latviyada yaşamaq hüququnun əldə edilməsi barədə məlumat veriləcək, həmçinin mükafatlar oynanılacaq. Əsas mükafat “Airbaltic” aviasiya şirkətindən təyyarə biletləri və Riqanın “Bellevue” otelində 3 gün qalmaq hüququ olacaq.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa