REGİONLAR
Lənkəran-Astara iqtisadi rayonunun inkişafında peşə təhsilinin rolu müzakirə olunub




Lənkəran, 28 yanvar, AZƏRTAC
Yanvarın 28-də Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatlığı ilə "Lənkəran-Astara iqtisadi rayonunun iqtisadi inkişafında peşə təhsilinin rolu: imkanlar və çağırışlar" mövzusunda regional konfrans təşkil olunub.
AZƏRTAC xəbər verir ki, konfransda dövlət qurumlarının, biznes sektorunun, təhsil müəssisələrinin və digər maraqlı tərəflərin iştirakı ilə peşə təhsilinin regionun iqtisadi inkişafındakı strateji əhəmiyyəti müzakirə edilib.
Tədbirdə regionun mövcud iqtisadi potensialına uyğun olaraq peşə təhsili sahəsindəki imkanların artırılması və əmək bazarının tələblərinə cavab verən mütəxəssislərin yetişdirilməsinin əhəmiyyəti vurğulanıb.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Kənan Mirzəyev və Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Əliyeva çıxış edərək, Lənkəran-Astara iqtisadi rayonunun spesifik xüsusiyyətləri, regionda peşə təhsili sahəsində görülən işlər və gələcək perspektivlər barədə məlumat veriblər.
Konfrans insan resurslarının idarə olunması, peşə təhsili və kadr hazırlığının regional inkişafa təsiri mövzularında panel sessiyalarla davam edib. Müzakirələrdə kənd təsərrüfatı və aqrar sənaye üçün peşə təhsilli kadrların hazırlanması, turizm və xidmət sektorunun inkişafı üçün ixtisaslaşmış mütəxəssislərin yetişdirilməsi, əmək bazarı ilə təhsil müəssisələri arasında əlaqələrin gücləndirilməsi, peşə təhsili müəssisələrinin maddi-texniki bazasının modernləşdirilməsi və beynəlxalq təcrübələrin tətbiqi və inteqrasiyası diqqət mərkəzində olub.
Sonra “Dual peşə təhsili proqramı”nda əməkdaşlıq edən tərəfdaşlara təşəkkürnamələr təqdim edilib.
Konfrans zamanı verilən tövsiyələr peşə təhsilinin daha da inkişaf etdirilməsi məqsədilə gələcək fəaliyyətlər üçün əsas götürüləcək.