Lənkəran Dövlət Universitetində Elm gününə həsr olunmuş dəyirmi masa
Lənkəran, 27 mart, Bağır Əliyev, AZƏRTAC
Martın 27-də Lənkəran Dövlət Universitetində (LDU) Elm gününə həsr olunmuş dəyirmi masa keçirilib.
Tədbirdə AMEA-nın tanınmış elm xadimləri, LDU-nun müəllimləri, tələbələr, magistrantlar, doktorantlar, dissertantlar və gənc tədqiqatçılar iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dəyirmi masada çıxış edən LDU-nun rektoru vəzifəsini icra edən riyaziyyat üzrə elmlər doktoru, professor Natiq İbrahimov ali təhsil müəssisəsində bu il ilk dəfə keçirilən Elm günü münasibətilə tədbir iştirakçılarına təbriklərini çatdırıb.
Lənkəran Dövlət Universitetində son illər görülən işlərdən, həyata keçirilən layihələrdən danışan N.İbrahimov elm və təhsilə kompleks yanaşmanın uğurlu nəticələr verəcəyinə, yaxın vaxtlarda gənc tədqiqatçıların qazandığı uğurlardan universitetin və ölkə elminin bəhrələnəcəyinə əminliyini ifadə edib.
AMEA-nın Coğrafiya İnstitutunun direktoru, texnika elmləri doktoru, akademik Ramiz Məmmədov, Mikrobiologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru, akademik Məmməd Salmanov, İqtisadiyyat İnstitutunun professoru, iqtisad elmləri doktoru Təbriz Əliyev, Lənkəran Regional Elm Mərkəzinin direktoru, kənd təsərrüfatı elmləri doktoru, professor Fərman Quliyev, LDU-nun professorları - filologiya elmləri doktorları Yədulla Ağazadə, Məsud Məmmədov və başqaları elmin müxtəlif sahələrinə aid məruzə və çıxışlarında təmsil etdikləri qurumların bu istiqamətdə fəaliyyətindən, elmin inkişaf mərhələlərindən, dünyada və ölkədə bu sahədə gedən proseslərdən söz açıblar.
Çıxış edənlər LDU-nun kitabxanasına xeyli sayda elmi ədəbiyyat hədiyyə ediblər.
Tədbirin sonunda elmi məruzə ilə çıxış edənlərə təşəkkürnamələr təqdim olunub.