Lənkəranda çəltik əkinlərində alaq otlarına qarşı mübarizə tədbirlərinə başlanılıb FOTO
Kənd Təsərrüfatı Nazirliyi ilə AZƏRTAC-ın birgə layihəsi: “Kəndbəkənd”
Bakı, 23 iyun, AZƏRTAC
Builki qeyri-sabit hava şəraiti lənkəranlı fermerləri müəyyən çətinliklərlə üz-üzə qoysa da, ümumilikdə, təsərrüfatlarda çəltik əkini başa çatıb. Əvvəllər əl əməyi ilə aparılan əkin indi müasir texnikalardan istifadə edilməklə yerinə yetirilir.
AZƏRTAC xəbər verir ki, Kənd Təsərrüfat Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Lənkəran Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən çəltik əkilən sahələrə baxış keçirilir, alaq otlarına qarşı mübarizə tədbirləri görülür.
Mütəxəssislər bu dəfə Girdəni kəndi ərazisində “Muğam-düyü” MMC-yə məxsus 97 hektar çəltik sahəsində alaq otlarına qarşı mübarizə tədbirləri aparıblar.
Qeyd edək ki, çəltik dünya üzrə əkin sahəsinə görə bitkilər arasında ikinci yeri tutur.
Respublikamızda çəltik əsasən Lənkəran, Astara, Masallı, Ucar, Ağdaş, Göyçay, Şəki rayonlarında becərilir. Çəltiyin hər hektarından orta hesabla məhsuldarlıq 30-40 sentner, aqrotexniki xidmətin yüksək aparıldığı sahələrdə isə 50-60 sentner və daha artıq olur. Çəltik iki yarımnövə bölünür. Birinci yarımnövdə dən uzunluğu ilə, ikinci yarımnövdə isə qısa yumruluğu ilə fərqlənir.
Azərbaycanda çəltiyin əsasən “Yerli Masallı Sədrisi”, “Haşimi”, “Apallo” və “Avanqard” kimi sortları becərilir.
AZƏRTAC fotoqraf Valeh Arifoğlunun Lənkəranın Girdəni kəndi ərazisində çəltik sahələrindən çəkdiyi fotoları təqdim edir.