Lənkəranda gənclər üçün yay məktəbi təşkil edilmişdir
Lənkəran, 2 sentyabr (AZƏRTAC). Lənkəran rayonundakı “Palıdlı” istirahət mərkəzində gənclər üçün yay məktəbi təşkil edilmişdir.
AZƏRTAC xəbər verir ki, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin (ASC) və “Vətəndaş cəmiyyətində debat” İctimai Birliyinin təşkilatçılığı ilə “Gənclər təmizlik naminə” devizi altında keçirilmiş yay məktəbində 55 tələbə-gənc iştirak etmişdir.
Yay məktəbinin məqsədi gəncləri tullantıların düzgün idarə edilməsi və ətraf mühitin mühafizəsi sahəsində məlumatlandırmaq, təbiətin qorunması mövzusunda ictimai müzakirələr, fikir mübadiləsi aparmaqdan ibarət olmuşdur.
“Təmiz Şəhər” ASC idarə heyəti sədrinin müavini Etibar Abbasov tədris proqramının yekunu ilə bağlı tələbələrlə keçirdiyi görüşdə dövlət tərəfindən ətraf mühitin mühafizəsi, təbiətə və insan sağlamlığına mənfi təsirlərin qarşısınınn alınması ilə bağlı görülmüş işlər, həyata keçirilmiş tədbirlər, təmsil etdiyi qurumun bu sahədə fəaliyyəti haqqında məlumat vermiş, tələbələrə seçdikləri peşə üzrə bilik və təcrübələrinin hər zaman təkmilləşdirilməsinə xüsusi diqqət yetirməyi tövsiyə etmişdir.
Yay məktəbinin iştirakçıları üçün cənub bölgəsinin tarixi abidələrinə ekskursiyalar, “Kitçh Parti” geyim karnavalları, intellektual və idman oyunları təşkil edilmişdir.
Tədris proqramının sonunda iştirakçılar arasında tullantıların idarə edilməsi və təbiətin qorunması ilə bağlı debat yarışları keçirilmiş, fərqlənənlərə hədiyyələr və sertifikatlar təqdim edilmişdir.