REGİONLAR
Lənkəranda koronavirus pandemiyası ilə mübarizə məqsədilə maarifləndirmə tədbiri keçirilib
Lənkəran, 5 iyun, Bağır Əliyev, AZƏRTAC
İyunun 5-də Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Rayon Polis Şöbəsi əməkdaşlarının və Daxili Qoşunların “N” saylı hərbi hissəsinin hərbi qulluqçularının iştirakı ilə koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə məqsədilə maarifləndirmə tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Lənkəran şəhərində insanların daha çox toplaşdığı ərazilərdə, ticarət obyektlərində və ictimai nəqliyyatlarda vətəndaşlarla maarifləndirici söhbətlər aparılıb.
Koronavirus infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin həftəsonu sərtləşdirilməsi barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələri vətəndaşların diqqətinə çatdırılaraq onlara xüsusi karantin rejiminin qaydalarına ciddi şəkildə riayət edilməsi tövsiyə olunub.
Aksiya çərçivəsində şəhər sakinlərinə tibbi maskalar paylanılıb.