REGİONLAR
Lənkəranda sel sularının dağıtdığı körpü yenidən inşa ediləcək
Lənkəran, 6 avqust, İlkin Adıyev, AZƏRTAC
Lənkəranda körpünün dağılması kənd sakinlərini çətin vəziyyətə salıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, son yağan intensiv yağışda Lənkəran rayonunun ucqar dağ kəndi olan Daştatükdə, Bəşəru çayı üzərində salınan 18 metr uzunluqda körpünü sel suları dağıdıb. Nəticədə Rezvan, Aşağı Apo və Mollakeş kəndlərinin sakinləri üçün gediş-gəliş çətinləşib.
Sakinlər gündəlik tələbat mallarını almaq üçün hər gün çayı keçməyə məcbur olurlar.
Xanbulan kənd bələdiyyəsinin sədri Kazım Məmmədov bildirib ki, adıçəkilən körpü 2014-cü ildə əhalinin istifadəsinə verilib. Bu il iyun ayının 26-da intensiv yağışdan sonra çaya sel gəlib və gecə saatlarında körpünü dağıdıb: “Həmin günü aidiyyəti üzrə rayon icra hakimiyyəti məlumatlandırılıb və kəndə nümayəndələr gəlib. İlkin olaraq, ağır texnikalar vasitəsilə maşınların çayın içindən keçmələri üçün şərait yaradılıb. Hazırda aidiyyəti təşkilatlardan müsbət cavab gəlib və sentyabr ayına kimi körpünün bərpasını gözləyirik”.
Qeyd edək ki, 350 təsərrüfatı, 1500-ə yaxın əhalisi olan Daştatük kəndində körpünün dağılmasından sonra 100-dən çox təsərrüfat, təqribən 500-ə yaxın sakin yolun digər tərəfində qalıb.