Lənkəranda tanınmış ictimai xadim Dilruba Camalovanın xatirəsi anılıb
Bakı, 6 yanvar, AZƏRTAC
Yanvarın 6-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Lənkərandakı Heydər Əliyev Mərkəzində Azərbaycanın müstəqilliyinin və dövlətçiliyimizin qorunub möhkəmləndirilməsində layiqli xidməti olan Dilruba Camalovanın xatirəsinin anma mərasimi keçirilib.
Lənkəran Dövlət Humanitar Kollecinin müəllimi, tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Cəmil Quliyev AZƏRTAC-a bildirib ki, tədbirdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin humanitar məsələlər üzrə müavini Rasilə Əliyev D.Camalovanın xidmətləri barədə ətraflı məlumat verib.
Tədbirdə iştirak edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova D.Camalovanın xatirəsinə həsr olunan tədbirin təşkilinin önəmini qeyd edib, tanınmış ictimai xadimin fəaliyyətindən söz açıb.
Qeyd edilib ki, tanınmış ictimai-siyasi və dövlət xadimi Dilruba Xan qızı Camalova 1938-ci il yanvarın 7-də Lənkəranda anadan olub. 1955-ci ildə Yardımlıda orta məktəbi, 1960-cı ildə ali məktəbi, 1987-ci ildə isə Bakı Ali Partiya Məktəbini bitirib. Əmək fəaliyyətinə Lənkəran şəhər 2 saylı orta məktəbində müəllimlikdən başlayan (1960-1972) D.Camalova 1972-1975-ci illərdə Lənkəran Şəhər Xalq Maarif Şöbəsinin müdiri, 1975-1981-ci illərdə Lənkəran Şəhər Partiya Komitəsinin ikinci katibi, 1981-1988-ci illərdə Lənkəran Şəhər Partiya Komitəsinin birinci katibi, 1989-1992-ci illərdə Azərbaycan Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunun Lənkəran filialında müəllim, direktor müavini, direktor, 1992-1993-cü illərdə Lənkəran Dövlət Universitetinin prorektoru, 1993-2000-ci illərdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı, 2000-2006-cı illərdə isə Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifələrində çalışıb. “Qırmızı Əmək Bayrağı”, “Oktyabr İnqilabı” ordenləri və bir çox medallarla təltif olunan Dilruba xanım 1993-cü ilin avqust hadisələrində Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün qorunması uğrunda vuruşan bir sərkərdə kimi həyatının ən böyük uğurunu qazanıb. Azərbaycan qadınlarının inkişaf tarixində D.Camalovanın xüsusi yeri, mövqeyi vardır. O, hər bir söhbətdə böyük müdrikliklə gender siyasətinin mahiyyətini açıqlayırdı. Onu narahat edən məsələlərdən biri ailələrdə qadınların maariflənməsində qoyulan məhdudiyyətlər idi. D.Camalova 2009-cu il martın 13-də Cəlilabad rayonunda avtomobil qəzasında həlak olub.
“Azərbaycan qadını” jurnalının redaktoru və İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) aparıcısı Flora Xəlilova D.Camalova haqqında hazırladığı verilişdən və onunla Lənkərandakı görüşlərindən söz açaraq, onun gənclərə örnək olan həyat və fəaliyyətindən danışıb.
Lənkəran Dövlət Universitetinin müəllimi Xalidə Hüseynovaya Dilruba xanımın keçdiyi həyat yolundan danışıb.
Çıxışlar ətrafında müzakirələrdə “Respublika” qəzetinin bölgə müxbiri Əlisəfa Həsənov, “Lənkəran” qəzetinin baş redaktoru Əlimərdan Əliyev, Lənkəran Dövlət Humanitar Kollecinin müəllimi Esmira Şükürova tanınmış dövlət və ictimai-siyasi xadim Dilruba Camalova haqqında xatirələrini bölüşüblər.