Lənkəranda Ulu Öndər Heydər Əliyevin xatirəsi ehtiramla anılıb
Lənkəran, 12 dekabr, İlkin Adıyev, AZƏRTAC
Lənkəranda müasir Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar ümumrayon tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələrinin üzvləri, ağsaqqallar, müharibə veteranları, tələbələr, ictimaiyyət nümayəndələri Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, sevgi və ehtiramlarını ifadə ediblər.
Sonra Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Ümummilli Liderin adını daşıyan muzey ziyarət edilib, Ulu Öndərin büstü önünə tər güllər düzülüb.
Anım günü ilə bağlı Lənkəran Dövlət Dram Teatrında Ulu Öndərin xatirəsinə həsr olunan Əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadənin “İki iyirmi üç arasında” əsəri əsasında eyniadlı verbatim-tamaşaya nümayiş olunub.