Lənkəranda vaksinasiya ilə bağlı maarifləndirmə aksiyası keçirilib
Lənkəran, 6 iyul, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə gənclərin COVID-19 pandemiyası ilə mübarizə məqsədilə keçirilən vaksinasiya prosesində aktiv iştirakını təmin etmək məqsədilə könüllülərin iştirakı ilə maarifləndirmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran rayonlararası avtovağzalın və dəmir yolu vağzalının ərazisində, fəaliyyətinə icazə verilən şadlıq saraylarının qarşısında, şəhərin park və meydanlarında həyata keçirilən aksiya zamanı sahibkarlarla və vətəndaşlarla maarifləndirici söhbətlər aparılıb, koronavirus infeksiyasından qorunmağın yeganə yolunun vaksinasiya olduğu onların diqqətinə çatdırılıb.
Aksiya çərçivəsində, həmçinin ticarət, ictimai iaşə və xidmət obyektlərin giriş hissələrində idarə tərəfindən hazırlanmış “Vaksinasiya olunaq, COVID-19-dan qorunaq” maarifləndirici banerlər yapışdırılıb, vətəndaşlara maarifləndirici bukletlər paylanılıb.