Lənkəranlı dindarlar 20 Yanvar faciəsi qurbanlarının xatirəsini dərin hüznlə yad ediblər
Lənkəran, 19 yanvar, Bağır Əliyev, AZƏRTAC
Lənkəran şəhərindəki Böyük Bazar məscidində keçirilən mərasimdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi dərin hüznlə yad olunub.
AZƏRTAC xəbər verir ki, mərasimdə Lənkəran, Astara, Masallı, Cəlilabad, Yardımlı və Lerik rayonlarından olan dindarlar, bölgənin din xadimləri və şəhid ailələrinin üzvləri iştirak ediblər.
Anım tədbirində şəhidlərin ruhuna müqəddəs Qurani-Kərimdən surələr oxunub.
Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Sədi Axundzadə çıxış edərək, müstəqilliyimiz uğrunda canlarından keçən Vətən övladlarının xatirəsinin xalqımız tərəfindən daim uca tutulduğunu bildirib. S.Axundzadə 26 il əvvəl törədilən 20 Yanvar faciəsini təkcə hüzn günü kimi yox, eyni zamanda, qürur və qəhrəmanlıq günü kimi dəyərləndirib.
Digər çıxışlarda qeyd olunub ki, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi qanlı cinayət xalqımızı daha da birləşdirib. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan edib. Məhz bu əzmin, iradənin sayəsində xalqımız müqəddəs arzusuna çatıb, milli azadlığına qovuşub.
Diqqətə çatdırılıb ki, rayonun bütün məscidlərində 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə bağlı əzadarlıq məclisləri təşkil olunacaq, ehsanlar veriləcək.