Lənkəranlılar soyqırımı qurbanlarının xatirəsini dərin hüznlə yad etmişlər
Lənkəran, 31 mart (AZƏRTAC, Bağır Əliyev). Martın 31-də Lənkəran şəhərinin mərkəzində əsaslı şəkildə yenidən qurulmuş soyqırımı abidəsi önündə anım mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayonun rəhbər işçiləri, pedaqoji kollektivlər, hərbi hissələrin əsgərləri və ictimaiyyətin təmsilçiləri abidənin önünə əklillər və gül dəstələri düzərək soyqırımı qurbanlarının xatirəsini dərin hüznlə yad etmişlər.
Mərasimdə qeyd olunmuşdur ki, 1918-ci ilin mart qırğınları xalqımıza qarşı zaman-zaman həyata keçirilən soyqırımı siyasətinin ən dəhşətli səhifələrindən biridir. Erməni daşnakları üç gün ərzində təkcə Bakıda 12 min azərbaycanlının həyatına son qoymuş, qocaları, qadınları və uşaqları amansızcasına qətlə yetirmiş, qiymətli tarixi abidələri məhv etmişlər. Qubada, Xaçmazda, Şamaxıda, Lənkəranda, Kürdəmirdə və digər bölgələrdə də bu cür faciələr törədilmişdir. 1918-1920-ci illərdə Azərbaycanın yüzlərlə şəhər və kəndi, o cümlədən Qarabağda azərbaycanlıların yaşadığı 150-dək kənd xarabazara çevrilmiş, 50 mindən çox soydaşımız qətlə yetirilmişdir.
Ermənilərin 200 ildən artıq bir dövrdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdiyi etnik təmizləmə və soyqırımı Lənkəran rayonundan da yan ötməmişdir. Mərasimdə bu barədə də danışılmış və diqqətə çatdırılmışdır ki, 1918-ci ilin mart-aprel aylarında ermənilər bolşeviklərin köməyi ilə Lənkəran qəzasında 40 kəndi yandırmış, 2 mindən çox günahsız insanı qətlə yetirmiş, Sütəmurdov, Girdəni, Gərmətük, Mamusta, Şıxəkəran, Vilvan, Xolmili, Kərgəlan və Osakücə kəndlərində kütləvi qırğınlar və talanlar törətmişlər.
Çıxış edənlər ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında bu qanlı cinayətlərə hüquqi və siyasi qiymətin verildiyini vurğulamış, eləcə də soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında dövlətimizin başçısının fəaliyyətini yüksək qiymətləndirmişlər.
Mərasimdə soyqırımı qurbanlarının ruhuna dualar oxunmuşdur.