REGİONLAR
Lerikdə ali məktəblərə qəbul olan gənclərlə görüş keçirilib
Lerik, 13 sentyabr, İlkin Adıyev, AZƏRTAC
Lerik rayonunda qəbul imtahanlarında yüksək bal toplayaraq ali məktəblərə qəbul olan gənclərlə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov tələbə adını qazanan gəncləri təbrik edib.
Bildirib ki, rayonda ali məktəblərə daxil olan gənclər arasında 500-dən yuxarı bal toplayanların olması çox sevindiricidir. İcra başçısı Prezidenti İlham Əliyevin təhsilin inkişafına böyük qayğı göstərdiyini diqqətə çatdırıb.
Tələbələrlə səmimi söhbət edən rayon icra hakimiyyəti başçısı onların ali təhsil alaraq savadlı, bilikli, bacarıqlı gənc kadr kimi müstəqil Azərbaycanın inkişafı, tərəqqisi naminə görülən işlərdə layiqli töhfələr vermələrini arzulayıb.
Görüşdə rayon icra hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova, Lənkəran-Astara Regional Təhsil idarəsinin Lerik rayonu üzrə təhsil sektorunun müdiri Zöhrab Salayev çıxış edərək tələbə adını qazanan gəncləri təbrik edərək onlara uğurlar arzulayıblar.
Sonda ali məktəblərə qəbulda yüksək bal toplayan tələbələrə rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və hədiyyələr təqdim edilib.
Qeyd edək ki, bu il Lerik rayonunda orta məktəbi bitirən məzunlardan 128-i tələbə adını qazanıb, onlardan 2-si 600-dən, 11-i isə 500-dən yuxarı bal toplayıb.