QAN YADDAŞI
Lerikdə Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib
Lerik, 31 mart, AZƏRTAC
Martın 31-də Lerik Rayon İcra Hakimiyyətində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov 1918-ci ilin mart-aprel aylarında Bakı Soveti və daşnak erməni silahlı dəstələri tərəfindən Bakıda, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə azərbaycanlılara qarşı törədilmiş soyqırımı barədə ətraflı məlumat verib.
R.Bağırov 1918-ci ilin mart soyqırımına ilk siyasi və hüquqi qiymətin ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini vurğulayaraq, Azərbaycan xalqının başına gətirilmiş bütün bu müsibətlərin dünya ictimaiyyətinə çatdırılmasında və beynəlxalq miqyasda tanıdılmasında dövlətimizin başçısının məqsədyönlü iş apardığını bildirib.
Toplantıda çıxış edənlər azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı siyasətinin tarixi kökləri barədə danışaraq, Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində torpaqlarımızın tezliklə azad olunacağına əminliklərini ifadə ediblər.