Litva vətəndaşının adı Azərbaycan XİN-in arzuolunmaz şəxslər siyahısından çıxarılıb
Bakı, 9 iyun, AZƏRTAC
Litva Respublikasının vətəndaşı, bu ölkənin Jurnalistlər İttifaqının sədr müavini, “Alkas” internet portalının redaktoru Audrys Antanaitis Azərbaycanın Litvadakı səfirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, məktubunda A.Antanaitis cari il mayın 7-10-da operator Arunas Sartanaviçyus ilə birlikdə Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinə bilərəkdən qeyri-qanuni səfər etdiyini və bu barədə Azərbaycan tərəfini öncədən məlumatlandırmadığını etiraf edərək, səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini bildirib.
İşğal olunmuş ərazilərimizə dair hazırladıqları reportajların birtərəfli olması ilə əlaqədar təəssüfünü bildirən A.Antanaitis ölkəmiz və münaqişə haqqında daha doğru və obyektiv məlumatların Litva ictimaiyyətinə çatdırılması məqsədilə Azərbaycana səfər etmək niyyətini ifadə edib.
A.Antanaitisin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.