LİTVANIN DAHA BİR İNTERNET QƏZETİNDƏ 20 YANVAR FACİƏSİ İLƏ BAĞLI MƏQALƏ DƏRC OLUNMUŞDUR
Bakı, 27 yanvar (AZƏRTAC). Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirmişlər ki, 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə əlaqədar Litvanın www.bernardinai.lt internet qəzetində bu ölkənin nüfuzlu siyasi və dövlət xadimi Vitautas Landsberqisin “Azərbaycanın faciəsi” sərlövhəli analitik məqaləsi dərc olunmuşdur.
Məqalədə Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin tarixindən bəhs olunur. Qeyd edilir ki, 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciə 1989-cu il aprelin 9-da Tbilisidə, 1991-ci il yanvarın 13-də Vilnüsdə törədilmiş qırğınlarla eyni ssenari üzrə təşkil edilmiş və bir mərkəzdən idarə olunmuşdur. Bütün bunların arxasında sovet imperiyası dayanmışdır.
Müəllif qeyd edir ki, 50 minlik nəhəng sovet ordusu tərəfindən Bakı sanki bir düşmən şəhəri tək “fəth” olunmuş, darmadağın edilmiş, qan girdabında boğulmuşdur. Budapeşt, Praqa... Hər yerdə eyni cür olmuşdur və bu dəfə də qırmızı ulduzlu tanklar Bakıda müdafiəçilərin barrikadalarını darmadağın etmişlər.
İndiyədək ermənilərlə münasibətlərdə qızışdırılan münaqişələr kimi, həmin faciə də Azərbaycanın müstəqilliyi yolunda ona vurulan zərbə və zaman itkisi idi. Bu cür zərbələrə müharibəni, çevrilişləri, çoxlu insan tələfatını və ərazi itkilərini, bir milyondan artıq “daxili qaçqın” məsələlərini də əlavə etmək lazımdır. Bizim üçün də çox şey hazırlanmasına baxmayaraq, Litva özünü bu cür aqibətdən uzaqlaşdıra bilmişdir. Ona görə də, biz gərək dost Azərbaycan xalqının faciəsini, xüsusilə 20 Yanvar qırğınını unutmayaq.
Məqalənin tam mətni www.diaspora.gov.az saytının “KİV-də diaspor mövzusu” bölməsində yerləşdirilmişdir.
Qeyd edək ki, görkəmli dövlət xadimi və siyasətçi Vitautas Landsbergis 1990-cu ildə Litva Ali Sovetinin sədri seçilmiş, 1990-cı il martın 11-də Litvanın Müstəqilliyik Aktını qəbul etmiş parlament sessiyasına rəhbərlik etmişdir. 1996-2000-cı illərdə Litva Seyminin sədri, uzun müddət Litvanın AŞPA-dakı nümayəndə heyətinin üzvü olmuşdur. 2009-cu ildə Avropa Parlamentinə ikinci dəfə deputat seçilmişdir. Norveçin və bir sıra Avropa ölkələrinin yüksək dövlət mükafatları ilə təltif olunmuşdur.