Liviya KİV-ləri Xocalı soyqırımının 20-ci ildönümünə geniş yer ayırmışlar
Bakı, 27 fevral (AZƏRTAC). Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Azərbaycanın Liviyadakı səfirliyi bir sıra tədbirlər həyata keçirmişdir.
Səfirlik tərəfindən soyqırımı ilə bağlı hazırlanmış məlumat vərəqələri, Heydər Əliyev Fondunun ingilis dilində nəşr etdirdiyi “Qarabağ həqiqətləri” bukletlər toplusu, alman tədqiqatçı Yohannes Raunun “Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi. Qısa tarixi xülasə” kitabı (ərəb və ingilis dillərində), ərəb dilində səsləndirilmiş “Məhv edilmiş şəhər” sənədli filminin diskləri Liviyada 100-ə yaxın ünvana göndərilmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, Xocalı soyqırımının dəhşətlərini əks etdirən materiallar əsasən, Milli Keçid Şurasının sədrinə, Keçid Hökumətinin başçısına, Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq, Ali Təhsil və Elmi Tədqiqatlar, Mədəniyyət və Vətəndaş Cəmiyyəti nazirliklərinə, Tripoli Universitetinə, Strateji Araşdırmalar Mərkəzinə, Milli Arxiv və Tarixi Araşdırmalar Mərkəzinə, Liviya Xəbərlər Agentliyinə və “Libya” televiziya kanalına, yeganə ingilisdilli mətbu orqanı olan “The Tripoli Post” qəzetinə, Tripolidəki diplomatik nümayəndəliklərə, Fransa, Misir və Tunis mədəniyyət mərkəzlərinə təqdim olunmuşdur. Həmçinin faciənin 20-ci ildönümü ilə əlaqədar Xocalı əhalisinin dünya xalqlarına, BMT-yə, Avropa Şurasına, ATƏT-ə müraciəti Liviyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinə və Tripolidəki diplomatik nümayəndəliklərə göndərilmişdir.
Bundan əlavə, səfirlik Liviyanın aparıcı KİV-lərində Xocalı soyqırımı ilə bağlı məlumatların geniş işıqlandırılmasını təmin etmişdir. Fevralın 25-də “Qurina Əl-Cədidə” həftəlik qəzetinin internet səhifəsində “Dəhşətli Xocalı qətliamının acılı anımı və onun insanlığa qarşı təhlükələri” başlıqlı məqalə (yazının mətni ilə qurynanew.com/?p=29785 ünvanından tanış olmaq olar) yerləşdirilmişdir. Habelə fevralın 26-da “Libya” dövlət televiziyasında ərəb dilində səsləndirilmiş “Məhv edilmiş şəhər” sənədli filmi nümayiş etdirilmişdir. “Əl-Vatan Libya” elektron qəzetində də Xocalı soyqırımı ilə bağlı məlumatın dərc olunması nəzərdə tutulmuşdur.