SİYASƏT
Londonda Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinə həsr olunan vebinar keçirilib
London, 2 noyabr, AZƏRTAC
Londonda Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesi müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, Londonda fəaliyyət göstərən “Circle Foundation” analitik mərkəzi tərəfindən Azərbaycan ilə Ermənistan arasında sülh prosesinə həsr edilmiş vebinarda Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Elin Süleymanov, Kral Birləşmiş Xidmətlər İnstitutunun (Royal United Services İnstitute) əməkdaşı Samuel Ramani, Kiyev Milli Universitetinin siyasi elmlər professoru Taras Kuzio, Atlantik Şurasının (Atlantic Council) baş əməkdaşı, Qətər Universitetinin köməkçi professoru Ali Bakir iştirak ediblər. Moderator isə TRT World telekanalının nümayəndəsi Aslı Atbaş olub.
Vebinar çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən Soçi görüşü, regionda baş verən hadisələr və aktual məsələlər müzakirə edilib.
Azərbaycanın Birləşmiş Krallıqdakı səfiri Elin Süleymanov Azərbaycanın məqsədinin regionda sülhün, sabitliyin və əməkdaşlığın bərqərar olmasından ibarət olduğunu bildirib. Səfir Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu, orada yaşayan əhalinin, istər azərbaycanlıların, istərsə də ermənilərin haqq və hüquqlarının Azərbaycan Respublikasının Konstitusiyası çərçivəsində qorunacağını qeyd edib. E.Süleymanov davamlı sülhün bərqərar olmasının nəinki Azərbaycana, həm də bütün regiona və Ermənistana faydalı olduğunu vurğulayıb. Bu baxımdan, Ermənistanın etnik mifologiyasını öz maraqlarından üstün tutması təəccüb doğurmaqdadır.
Səfir qeyd edib ki, Azərbaycan tərəfi sülh prosesində bütün beynəlxalq tərəfdaşlarla əməkdaşlıq etməyə hazırdır və bu tərəfdaşların verə biləcəyi töhfəni faydalı hesab edir. Bununla yanaşı, sülh prosesi üçüncü ölkələrin deyil, məhz Azərbaycan və Ermənistanın maraqlarına yönəlməli və bu baxımdan iki ölkə arasında aparılmalıdır.
Çıxışlarda, həmçinin Rusiya ilə Ukrayna arasındakı müharibənin regional proseslərə təsiri, enerji təhlükəsizliyi məsələləri, eyni zamanda İranın regionda siyasəti haqqında fikirlər səsləndirilib. İranın Azərbaycana son zamanlar aqressiv münasibəti də qeyd olunub. Həmçinin özünü “demokratik” kimi qələmə verməyə çalışan Ermənistanın baş naziri Nikol Paşinyanın İrandakı son hadisələr fonunda bu ölkəyə səfər etməsi və İranın yürütdüyü siyasəti dəstəkləməsi Ermənistanın nə qədər demokrat olduğunu göstərməkdədir.
Vebinar zamanı bir sıra regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
AZƏRTAC-ın xüsusi müxbiri
London