CƏMİYYƏT
Londonda Bələdiyyə Şurasının üzvü: Azərbaycan və Britaniya arasında əməkdaşlığın genişlənməsi çox vacibdir

London, 8 mart, AZƏRTAC
Londonun Kensinqton və Çelsi Bələdiyyəsinin şura üzvü, Kensinqton və Çelsi üzrə Leyboristlər Partiyasının lideri Kasım Ali Azərbaycanla Böyük Britaniya arasındakı dostluq əlaqələrini yüksək qiymətləndirib.
AZƏRTAC-a verdiyi açıqlamada Kasım Ali Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin məhz Kensinqton və Çelsi bələdiyyəsinin ərazisində yerləşdiyini vurğulayıb.
“Səfirliyə tez-tez baş çəkirəm və səfirlə, eləcə də onun komandası ilə yaxından tanışam. Britaniya Parlamentində Azərbaycanın Dostları qrupunun təqdimatı və onun rəsmi olaraq işə başlaması çox vacib addımdır. Bu, həm Azərbaycan səfirliyi və komandası, həm də Böyük Britaniya və Azərbaycan hökumətləri üçün əhəmiyyətli təşəbbüsdür”, – deyə Kasım Ali bildirib.
O, Azərbaycanın keçdiyi çətinliklərdən xəbərdar olduğunu qeyd edərək, ölkədə sülh və firavanlığın təmin olunmasının beynəlxalq ictimaiyyət üçün əhəmiyyətini vurğulayıb.
“Ölkənizdə baş verən hadisələri yaxından izləyirəm. Dünyada sülhsevər insanlar Azərbaycanın yalnız sülh içində deyil, eyni zamanda firavan və inkişaf etmiş bir ölkə olmasını istəyir. Dostluq və sülhdən başqa, ticarət əlaqələri, biznes əməkdaşlığı və texnologiya sahəsində inkişaf da çox vacibdir”, – deyə o, əlavə edib.
Partiya lideri Azərbaycanın Böyük Britaniya ilə əməkdaşlığında tələbə mübadilə proqramlarının xüsusi rol oynadığını da qeyd edib.
“Məni ən çox valeh edən məqam Azərbaycanlı tələbələrin Böyük Britaniyanın London İqtisadiyyat Məktəbi (LSE) və digər nüfuzlu universitetlərdə təhsil almasıdır. Çünki uzun illər tələbə məsləhətçisi kimi çalışmışam və təhsil sahəsində aktiv fəaliyyət göstərirəm”, – deyə Kasım Ali bildirib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London