Londonda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konfrans keçirilib
London, 18 fevral, AZƏRTAC
Böyük Britaniyanın Birmingem Universiteti nəzdində fəaliyyət göstərən Rusiya, Avropa və Avrasiya Araşdırmaları Mərkəzinin təşkilatçılığı ilə Londondakı “King’s College” kollecində “Dağlıq Qarabağ münaqişəsi: mövcud vəziyyət və perspektivlər” mövzusunda konfrans keçirilib.
İki sessiyadan ibarət konfransın birinci hissəsində ATƏT-in Minsk qrupunun sabiq həmsədri Jak For və Böyük Britaniyanın LİNKS təşkilatının icraçı direktoru Dennis Sammut çıxış edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, tərəflərin mövqeyi və hazırkı vəziyyət barədə məlumat veriblər. Onlar regionun təhlükəsizliyi və sabitliyin qorunub saxlanılması üçün münaqişənin həll olunmasının vacibliyini diqqətə çatdırıblar.
Çıxışlarda Azərbaycanın xüsusilə enerji təhlükəsizliyi baxımından regionda böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Konfransın ikinci sessiyasında “Eurpean Policy Centre” araşdırma mərkəzinin analitiki Amanda Paul, Dublin City Universitetinin tədqiqatçısı Donnaka O’Beçain və Birmingem Universitetinin nümayəndəsi Kəmalə İmranlı çıxış ediblər. Onlar Dağlıq Qarabağ münaqişəsinin dünyadakı digər mövcud münaqişələrlə müqayisəli təhlilini aparıblar.
K.İmranlı təqdimatla çıxış edərək, Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu və bu bölgənin bəzən beynəlxalq mediada “mübahisəli ərazi” kimi adlandırılmasının düzgün olmadığını bildirib. Bu cür ifadələrin işlənməsinin Ermənistan tərəfinin dezinformasiya siyasətinin bir hissəsi olduğu qeyd edilib.
K.İmranlı diqqətə çatdırıb ki, Ermənistan beynəlxalq hüquq normalarını pozaraq Azərbaycan ərazisinin bir hissəsini işğal altında saxlayır. Beynəlxalq ictimaiyyət dünyadakı digər münaqişələrlə müqayisədə Dağlıq Qarabağ münaqişəsinə lazımı səviyyədə diqqət yetirmir.
Sonda iştirakçıların sualları cavablandırılıb.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London