MƏDƏNİYYƏT
Londonda “World Travel Market” turizm sərgisi davam edir
London, 10 noyabr (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Böyük Britaniyanın paytaxtı Londonun “ExCeL” kompleksində dünyanın ən iri turizm sərgilərindən biri olan “World Travel Market” sərgisi davam edir.
Sərgidə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti, ölkəmizdə fəaliyyət göstərən 9 turizm şirkəti və bir mehmanxana təmsil edir.
Sərgidə Azərbaycanın turizm potensialının nümayişi məqsədi ilə 60 kvadratmetrlik, informasiya və dizayn baxımından çox maraqlı stend ayrılmışdır. Burada ziyarətçilərin qəbulu üçün rahat guşə vardır. Milli ruhda bəzədilmiş konstruksiyalarda quraşdırılmış ekranlarda Azərbaycan haqqında informasiya çarxları nümayiş etdirilir. Ziyarətçilərə respublikamızın mədəni və tarixi abidələrinin, mehmanxana və turizm obyektlərinin, görməli yerlərini əks etdirən reklam vasitələri paylanır.
Mədəniyyət və Turizm Nazirliyi nümayəndə heyətinin üzvü, nazirliyin marketinq və təbliğat sektorunun müdiri Vüqar Şixəmmədov AZƏRTAC-a bildirmişdir ki, hər il təşkil olunan “World Travel Market” sərgisi dünya turizm sənayesində əlamətdar hadisədir. Bu il sərgidə 185 ölkədən 5 min 117 şirkət iştirak edir. Azərbaycan nümayəndə heyətinin rəhbəri, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov sərgi çərçivəsində təşkil olunan Ümumdünya Turizm Təşkilatına daxil olan ölkələrin nazirlər sammitində, habelə “İpək Yolu”nun əsas turlarının təqdimatına həsr olunmuş tədbirdə iştirak etmişdir.
Azərbaycanın “EncTours” şirkətinin direktoru Emil Nəsibov demişdir ki, bu il ölkəmizin turizm obyektlərinə maraq daha genişdir. Bu maraq da, ilk növbədə, 2012-ci ildə Bakıda “Eurovision” mahnı müsabiqəsinin keçiriləcəyi ilə əlaqədardır. Sərgidə yeni tur məhsullarının təqdimatı, Azərbaycan hotellərinin beynəlxalq onlayn siyahıya daxil edilməsi ilə əlaqədar bir neçə Britaniya şirkəti ilə müzakirələr aparılır. Azərbaycan turizm sənayesi Böyük Britaniya, Fransa, Almaniya, Hollandiya turizm bazarı ilə əməkdaşlıqda maraqlıdır.
Qeyd edək ki, Azərbaycan “World Travel Market” sərgisində 2001-ci ildən iştirak edir.