Londonda “Xoca” bədii filminin növbəti təqdimatı keçirilmişdir
London, 1 may (AZƏRTAC). Avropa-Azərbaycan Cəmiyyətinin (AAC) təşkilatçılığı ilə “Soho” mehmanxanasında ANS müstəqil yayım və media şirkətinin, Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun və “Bakıfilm” kinostudiyasının birgə istehsalı olan “Xoca” bədii filminin növbəti təqdimatı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Britaniya parlamentinin üzvləri, bu ölkədə fəaliyyət göstərən Azərbaycan təşkilatlarının təmsilçiləri, yerli və xarici ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Tədbiri açan AAC-nin mədəniyyət məsələləri üzrə məsləhətçisi Sabina Rakçayeva təmsil etdiyi qurumun fəaliyyəti haqqında danışmışdır.
AAC-nin sədri Tale Heydərov film haqqında iştirakçılara ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, film Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Xocalı soyqırımından danışan T.Heydərov qeyd etmişdir ki, faciə bəşər tarixinin ən qanlı səhifələrindən biridir. Bu faciə iki yüz ilə yaxın bir müddətdə erməni cəlladlarının Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir.
T.Heydərov ölkəmizə qarşı törədilən bu ədalətsizliyə dünya birliyi tərəfindən tezlikə hüquqi qiymətin veriləcəyinə ümid etdiyini diqqətə çatdırmışdır.
Böyük Britaniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Lord Laird ölkələrimiz arasındakı əlaqələrin inkişafından danışmışdır. Azərbaycanın zəngin mədəniyyətinin və mətbəxinin olduğunu vurğulayan Lord Laird ölkəmizdə olmayanları buranı ziyarət etməyə çağırmışdır.
Uzun müddət davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü, məsələnin tezliklə həll olunmasına ümid etdiyini bildirmişdir. O, həmçinin “Xoca” filiminin izləyənlərdə münaqişə və baş verən hadisələr haqqında təsəvvür yaradacağını vurğulamışdır.
ANS şirkətlər qrupunun vitse-prezidenti Mirşahin Ağayev filmin çəkilişi haqqında ətraflı məlumat vermişdir. Qeyd edilmişdir ki, film Azərbaycan həqiqətlərini və münaqişənin insan taleyinə olan təsirini əks etdirir. Vitse-prezident vurğulamışdır ki, bu film ilə ölkəmizə qarşı törədilən ədalətsizliyə təbliğat ilə deyil, həqiqət ilə cavab verilmişdir.
Filmin dünya ictimaiyyəti tərəfindən maraqla qarşılandığını diqqətə çatdıran M.Ağayev ekran əsərinin dünyanın bir çox ölkəsində nümayiş etdirildiyini, Türkiyə, Misir və İranda keçirilən festivallarda uğurla iştirak etdiyini vurğulamışdır.
“Xoca”nı umumxalq filmi adlandıran M.Ağayev ekran əsərinin ərsəyə gətirilməsində köməyə görə Azərbaycanın müvafiq dövlət orqanlarına, ANS müstəqil yayım və media şirkətinə, Milli Qəhrəman Çingiz Mustafayev adına Fonda və “Bakıfilm” kinostudiyasına dərin minnətdarlığını ifadə etmişdir.
Sonra gerçək hadisələrə əsaslanan 108 dəqiqəlik “Xoca” filmi nümayiş etdirilmişdir.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London