Londonda Xocalı faciəsinə həsr edilmiş klassik musiqidən ibarət konsert keçirilmişdir
Bakı, 2 mart (AZƏRTAC). “Xocalıya ədalət” kampaniyası çərçivəsində Avropa-Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə Londondakı “Central Hall” konsert zalında Xocalı faciəsinin 19-cu ildönümünə həsr olunmuş klassik musiqidən ibarət konsert keçirilmişdir.
İslam Konfransı Gənclər Forumunun Media Departamentindən AZƏRTAC-a bildirmişlər ki, konsertdə 200-ə yaxın qonaq, o cümlədən bir neçə parlament üzvü, ictimai-siyasi xadimlər, mətbuat nümayəndələri və Böyük Britaniyada yaşayan Azərbaycan icmasının nümayəndələri iştirak etmişlər.
Tədbirdə iştirakçılara Dağlıq Qarabağ həqiqətləri və Xocalı qətliamı haqqında məlumatlar verilmiş, “Xocalıya ədalət” kampaniyasının 2 illik fəaliyyətini əks etdirən fotostend təşkil edilmişdir.
Həmçinin, rusiyalı jurnalist Viktoriya İvleva tərəfindən Xocalı faciəsi zamanı çəkilmiş şəkillərin ictimaiyyət üçün ilk təqdimatı keçirilmişdir. Böyük Britaniya parlamentinin üzvü Kris Pinçer çıxış edərək qeyd etmişdir: “Ermənistanın təcavüzü nəticəsində Xocalıda baş verənləri siyasi cəhətdən tanımaq və öz yurdlarından didərgin düşmüş məcburi köçkünlərin hüquqlarının bərpası uğrunda mübarizə aparmaq bizim məsuliyyətimizə aid olan məsələdir. Məcburi köçkünlər öz evlərinə qayıtmalı və bu işdə biz Azərbaycana dəstək olmalıyıq”.
Konsertdə yerli musiqiçilərdən əlavə, azərbaycanlı skripka ifaçısı Nəzrin Rəşidova və qızlardan ibarət “FeMusa” ansamblı çıxış etmişlər. Qrupda Elgar, Greig and Brit Ten kimi musiqiçilər Azərbaycan bəstəkarları Asəf Zeynallı, Fikrət Əmirov və digər xarici klassiklərin bəstələrini ifa etmişlər.
Xatırladaq ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Təşkilatı Gənclər Forumunun (İKGF) mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə irəli sürülmüş “Xocalıya ədalət” kampaniyasına 2009-cu ilin fevralında start verilmişdir.
Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsi və beynəlxalq səviyyədə anılmasını təmin etməkdir.
######
![]() |
![]() |

