Luis Qalyeqos: Aramızdakı birliyin xalqlarımız üçün daha yaxşı gələcək gətirəcəyinə inanırıq VİDEO
Bakı, 14 may, AZƏRTAC
Biz radikal qeyri-müəyyənlik dövründə yaşayırıq. Bu gün xalqlarımızın və ölkələrimizin üzləşdiyi çoxsaylı çağırışlarla mübarizə aparmaq üçün əvvəlkindən də daha çox birləşməyimiz tələb olunur. Bizim çox zəhmətlə qurduğumuz beynəlxalq qaydalara əsaslanan nizam son vaxtlar bir çox hallarda güc tətbiqi və ya təhdidi ilə əvəz olunub. Beynəlxalq qaydalara əsaslanan nizam heç vaxt mükəmməl olmayıb, lakin o, sülhü, rifahı və insan haqlarını qorumaq üçün inandığımız prinsiplər üzərində qurulmuşdu.
AZƏRTAC xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının Təlim və Tədqiqat İnstitutunun Məsləhət Şurasının sədri Luis Qalyeqos “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasında çıxışı zamanı deyib.
Dağıdıcı hərəkətlərə, parçalanmaya yox deyən Luis Qalyeqos dialoq, danışıqlar və konsensusun yaradılmasının vacibliyini qeyd edib. "Dövlət, millətlər arasında həmişə fərqlər olacaq. Bu fərqlərin həlli ən vacib nəticədir. Biz bu gün burada realistik baxışla, amma nikbinliklə və aramızdakı birliyin xalqlarımız üçün daha yaxşı gələcək gətirəcəyinə inanaraq toplaşmışıq", - deyə o, diqqətə çatdırıb.