Lyne Vanessa Alexandre: Azərbaycan Avropaya doğru inamlı addımlayan gənc ölkədir
Bakı, 26 aprel, Həsrət Mahmudova, AZƏRTAC
Bu Forum dünyanın bir çox ölkələrindən nüfuzlu şəxsləri bir araya toplayaraq, bir sıra vacib məsələlərin müzakirəsi üçün gözəl imkanlar yaradır.
Bunu BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda Haiti təmsilçisi Lyne Vanessa Alexandre AZƏRTAC-a müsahibəsində deyib.
Azərbaycanda olmasından məmnunluğunu ifadə edən L.V.Alexandre VII Qlobal Forumun yüksək səviyyədə təşkil edildiyini vurğulayıb. Qeyd edib ki, belə bir mötəbər tədbirdə müxtəlif dövlətlərin nümayəndələrinin iştirakı Azərbaycanın regionda və dünyada getdikcə artan nüfuzuna bariz nümunədir. Mədəniyyətlərarası dialoqun gələcəkdə daha səmərəli, faydalı əməkdaşlığa şərait yaradacağına əminliyini ifadə edən qonaq deyib”: Azərbaycan Avropaya doğru inamlı addımlarla irəliləyən gənc ölkədir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan regionun ən vacib dövlətlərindən birinə çevrilib”.