CƏMİYYƏT
Macarıstanda gənc mütəxəssislər üçün beynəlxalq təqaüd proqramları təklif edilir
Bakı, 16 yanvar, AZƏRTAC
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Macarıstan hökumətinin təqaüd proqramı inkişaf etməkdə olan ölkələrdən və orta gəlirli ölkələrdən olan perspektivli tələbələrə ətraf mühitin mühafizəsi, bitkiçilik və bağçılıq sahəsində ikiillik magistr təhsili təklif edir.
FAO-nun regional ofisindən AZƏRTAC-a bildirilib ki, 15 ildən artıq Macarıstan tərəfindən maliyyələşdirilən FAO təqaüd proqramı inkişafda olan ölkələrdən olan gənc mütəxəssislərə biliklərini genişləndirmək və dərinləşdirmək imkanını təklif edir. Təhsil almaq üçün qeydiyyatdan keçmiş namizədlər təhsilinə Budapeştdəki Macarıstan Kənd Təsərrüfatı və Həyat Elmləri Universitetində və ya Şopron Universitetində davam edəcəklər.
Təqaüd proqramına universitetə qəbul olma və təhsil haqqı, əsas kitabların verilməsi, yataqxanada qalma, gündəlik xərclərin ödənilməsi və tibbi sığorta xərcləri daxildir.
Fevralın 29-u bu ilin payızında başlayan tədris ili üçün ərizələrin son verilmə tarixidir.
Proqramın icra olunduğu illər ərzində 400-ə yaxın gənc mütəxəssis FAO-Macarıstan təqaüd proqramının iştirakçısı olub. Vətənə qayıdandan sonra əldə etdiyi diplomlar onlara iş tapmağa və yeni “kənd təsərrüfatı elçiləri” qismində karyera yoluna başlamağa kömək edib. Onlar həmçinin qlobal peşəkar alim və professor şəbəkəsinin tərkib hissəsinə çevriliblər.
Azərbaycan vətəndaşları proqramda iştirak etmək üçün müraciət etmək hüququna malikdir.