SİYASƏT
Macarıstanda yaşayan azərbaycanlılar Fransa senatının qərarını pisləyirlər
Budapeşt, 24 dekabr (AZƏRTAC). Macarıstandakı Azərbaycan diasporu Fransa parlamentinin aşağı palatası - Senat tərəfindən qondarma “erməni soyqırımı”nın inkar edilməsinə görə cinayət təqibi haqqında qanun layihəsinin qəbul edilməsini kəskin pisləyir. Macarıstandakı Azərbaycan milli-mədəni assosiasiyasından AZƏRTAC-a bildirmişlər ki, Fransa qanunvericilərinin bu qərarı tarixi gerçəkliyə ziddir.
Diaspor assosiasiyasında AZƏRTAC-a bildirmişlər: “Düzdür, soyqırımı olmuşdur, lakin ermənilərə qarşı deyil, ermənilər tərəfindən törədilmişdir. Bu soyqırımı çar Rusiyası tərəfindən silahlandırılmış erməni quldur dəstələri tərəfindən Van, Qars, Ərzurum, Trabzon və digər vilayətlərdə köməksiz türk uşaqlarına, qadınlara və qocalara qarşı törədilmişdir. Türkiyəli kişilər isə həmin vaxt Çanaqqala, Sarıqamış və digər regionlarda birinci Dünya Müharibəsi cəbhələrində fədakarcasına vuruşur, Vətəni müdafiə edirdilər. Əsl soyqırımı elə budur! Anadoluda ermənilər 2 milyon yarım dinc müsəlmanı məhv etmişlər. Məgər bu, soyqırımı deyil! Məhz bu soyqırımının inkar edilməsinə görə cinayət təqibi lazımdır! Əgər fransalı qanunvericilər bu cür ardıcıldırlarsa, qoy Xocalıda soyqırımını inkar edənlərin kriminallaşdırılması barədə qanun qəbul etsinlər!
Hazırda Macarıstanın ali məktəblərində təhsil alan türkiyəli və azərbaycanlı tələbələr bu hadisə ilə əlaqədar qeyri-adi aksiya təşkil etməyə hazırlaşırlar. Həmvətən tələbələrin fəalları Fransanın Macarıstandakı səfirliyinin divarına “There was no “Armenian genocide”!” məzmunlu vərəqələr yapışdıracaq, eyni məzmunlu vərəqələri Fransa səfirliyinin qarşısındakı küçədə fransız diplomatlarının avtomobillərinin qabaq şüşəsi ilə şüşətəmizləyənin arasına bərkidəcəklər. Macarıstan qanunlarına görə bu hərəkətlər hüquq pozuntusu sayılmır.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt