Magistraturaya qəbul üzrə sınaq imtahanında iştirak etmək üçün 1604 nəfər qeydiyyatdan keçib
Bakı, 1 fevral, AZƏRTAC
Magistraturaya qəbul imtahanının I mərhələsi üzrə sınaq imtahanı keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən(DİM) AZƏRTAC-a bildirilib ki, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 5 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 1604 nəfər qeydiyyatdan keçib.
İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanacaq. İmtahan binasına buraxılış saat 10:45-də başa çatacaq.
Bu ildən imtahanda bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılacaq. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanacaq. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış heç kim binaya buraxılmayacaq. İmtahan iştirakçıları bunu nəzərə almalı və buraxılış vərəqəsində göstərilən vaxtdan gec olmayaraq imtahan binasında olmalıdırlar. Bakalavrlar imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- şəxsiyyəti təsdiq edən sənədin əsli;
- “İmtahana buraxılış vərəqəsi";
Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda bakalavr imtahana buraxılmayacaq.
İmtahan binasına giriş zamanı xüsusi buraxılış rejimi tətbiq olunacaq və üzərində mobil telefon, konspekt, eləcə də digər yardımçı vasitələr aşkarlanan bakalavrlar imtahan binasına buraxılmayacaqlar. İmtahan bitdikdən sonra iştirakçılar sual kitabçası və cavab kartını nəzarətçiyə təhvil verməlidirlər.
Sınaq imtahanının məqsədi qapalı və açıq formalı test tapşırıqları vasitəsilə bakalavrların verbal və riyazi məntiqini, fəza təfəkkürünü, informatika və xarici dil üzrə bilik və bacarıqlarını, oxuyub-anlama və dinləyib-anlama vərdişlərini yoxlamaq, bununla da onların həm imtahan texnologiyalarına alışmaları, həm də imtahana hazırlıq səviyyələrini yoxlamaları üçün imkanın yaradılmasıdır.